Gələcəyin əsgərləri Vətən torpaqlarını işğaldan azad etməyə necə hazırlaşır?

“Son günlər cəbhə xəttində Ermənistan dövləti tərəfindən yaradılan gərginlik, təxribatçı addımlar bir daha şagird, yeniyetmə və gənclərdə hərbi vətənpərvərlik hissinin aşılanmasını vacib edir. Torpaqlarımızın işğaldan azad olunması üçün lap kiçik yaşlarından başlayaraq şagirdlərdə vətənpərvərlik hissini formalaşdırmalıyıq”.

 

Bunu “Sosium proqramının qonağı, 95 nömrəli məktəbin direktoru Fuad Babayev deyib. Onun sözlərinə görə, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün şagirdlərin vətənpərvər ruhda böyüməsi çox vacibdir. “Şagirdlərdə vətənpərvərlik hissini yüksəltmək və onların vətənə, dövlətə bağlı bir vətəndaş kimi yetişdirilməsi üçün məktəblərdə müxtəlif tədbirlər görülür. Düşdüyümüz hər mühitə uyğun olaraq şagirdlərimizdə vətənpərvərlik ruhunun daha da yüksəldilməsinə çalışırıq. Məsələn, şagirdlər xüsusi günlərdə vətənpərvər musiqi sədaları altında dərsə başlayırlar. Müşahidələrdən də görünür ki, bu onlarda vətənpərvərlik ruhunun daha da yüksəlməsi ilə nəticələnir”.

 

F.Babayev bildirib ki, məktəblilərin hərbi hazırlıq səviyyəsinin yüksəldilməsi də xüsusi diqqətdə saxlanılır. Onun sözlərinə görə, bu məqsədlə Bakı Şəhər Təhsil İdarəsinin tabeliyində olan 50 məktəbdə hərbi otaqlar yaradılıb: “Bu otaqlardakı lövhələrdə hərbi rütbələri əks etdirən foto-stendlər yerləşdirilib. Həmçinin, bizim hərbi otaqlara müəyyən silahlar verilib. Şagirdlər həmin silahların sökülüb-yığılmasını öyrənirlər. Bundan başqa, şagirdlərdə atıcılıq qabiliyyətinin yüksəldilməsi üçün vizual elektron vasitələrin köməyi ilə hədəflərə atəş açmaq öyrədilir. Həmin hərbi otaqlarda şagirdlərə öyrədici qumbara və digər silahlarla yaxından tanış olmaq imkanı yaradılır”.

 

“Sosium” proqramının qonağı, 2016-cı ilin aprel döyüşlərində iştirak etmiş, ehtiyatda olan zabit Cəsarət Yusifov qeyd edib ki, həmin vaxt baş verən hadisələr Azərbaycan əsgərinin, xalqının vətənpərvərlik hissinin bariz nümunəsidir: “Bu vətənpərvərlik hissi istər ön xətdə dayanan əsgərlərin gözlərindən, istərsə də həmin vaxt küçələrə axışaraq orduya dəstək verən sadə insanların hərəkətlərindən də aydın sezilirdi. Aprel döyüşləri Azərbaycan gənclərinin vətənpərvərliyini sübut etdi. Hər bir Azərbaycan vətəndaşı torpaqları işğaldan azad etmək arzusu ilə yaşayır. Bu, ailədə, məktəbdə və cəmiyyətdə insanlara vətənpərvərlik hissinin düzgün aşılanmasını bir daha sübut edir”.

 

C.Yusifov hesab edir ki, tutduğu mövqedən asılı olmayaraq hər bir kəs yeniyetmə və gənclərdə vətənpərvərlik hissinin aşılanması üçün əlindən gələni etməlidir. Ehtiyatda olan zabit indi də fəaliyyətini gənclərin hərbi vətənpərvər ruhda böyüməsi üzərində qurub. C.Yusifov əlavə edib ki, əməkdaşı olduğu “Məktəblinin dostu” layihəsi çərçivəsində bu məqsəd üçün müxtəlif tədbirlər həyata keçirilir.

 

Ehtiyatda olan zabit vurğulayıb ki, bu gün Azərbaycan əsgəri, xalqı torpaqlarının işğaldan azad edilməsi üçün canlarından keçməyə hazırdır. “Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad etmək üçün səbirsizliklə “İrəli” komandasını gözləyən əsgərlərimiz var. Azərbaycan əsgəri torpaqları geri qaytarmağa qadirdir”, - deyə ehtiyatda olan zabit vurğulayıb. 

Müəllif | Apa.Tv
Apa.tv