8 mart bayramında qadınlar kişilərdən nə gözləyir?
“8 mart Beynəlxalq Qadınlar Günü Azərbaycanda daha geniş şəkildə qeyd olunur. Hədiyyə seçimi fərqli xarakter daşıyır. Hər bir xanıma uyğun, individual olaraq hədiyyə seçilir. Amma bu o demək deyil ki, 8 martda mütləq hədiyyə alınmalıdır”.
Bunu “Sosium” proqramının qonağı, psixoloq Gülər Məmmədova deyib. Psixoloq “Bu gün qadınlara mütləq hədiyyə alınmalıdır” fikri ilə razılaşmır. G.Məmmədova hesab edir ki, 8 mart Beynəlxalq Qadınlar Günündə qadınlar kişilərdən ilk növbədə xoş münasibət gözləyir.
“Azərbaycanlı kişilər qadınlara çox böyük dəyər verir. Kişilər hər zaman kiçik hədiyyələrlə də olsa zərif cinsin nümayəndələrini sevindirmək istəyir. Güclü cinsin nümayəndələri bu əlamətdar günü ülviləşdirmək, qadınları daha çox sevindirmək üçün hədiyyə alırlar. Amma bu bayramda qadınlara hədiyyə alınmasa da olar. Bir şərtlə ki, bu gün mütləq digər günlərdən fərqli olmalıdır. Yəni, bu əlamətdar gündə kişilər xanımları xoş sözlərlə təbrik etməlidir”, - deyə G. Məmmədova vurğulayıb.
Psixoloq hədiyyə seçimində kişilərin çətinlik çəkməsini belə izah edir: “Qadının maraq dairəsinə, zövqünə, mənəvi dünyasına tam bələd olan kişilər hədiyyə seçməkdə çətinlik çəkməyəcəklər. Karyeralarına aludə olan kişilər isə hədiyyə seçimində çətinlik çəkir. Bu ondan irəli gəlir ki, bu tip kişilər ailənin təminatı üçün karyeraya önəm verir. Ona görə də, vaxtları olmadığından onlar qadınların nə istədiyini müəyyənləşdirə bilmir”.
G. Məmmədova qeyd edib ki, kişilərdə “empatiya”, yəni özünü başqalarının yerinə qoymaq bacarığı zəif olduğundan onlar sevdikləri qadınların zövqlərinə bələd olmur. Buna görə də kişilər qadınların zövqlərini, nəyi bəyənib-bəyənməyəcəyini müəyyənləşdirmək üçün müxtəlif yollara əl atır: “Qadınlara nisbətən kişilər daha yaxşı manipulyasiya edə bilirlər. Bayramdan hətta iki ay əvvəl müxtəlif vasitələrlə onların xoşladıqları hədiyyələri müəyyənləşdirilər və bayramda onlara bu hədiyyəni təqdim edirlər”.
Hədiyyənin dəyərinin önəmi olmadığını vurğulayan G.Məmmədova kişilərə zərif cinsin nümayəndələrinə diqqət və qayğı göstərməyi tövsiyə edir.