Bu il I sinfə qəbul qaydalarında hansı yeniliklər edilib?

“2017/2018-ci dərs ili üçün Bakı şəhərində I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi prosesinə başlanılıb”.

 

Bunu Sosium" proqramının qonağı, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva deyib. Onun sözlərinə görə, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə aparılır. İ.Abdullayeva bildirib ki, 15 mart-15 sentyabr 2017-ci il tarixlərini əhatə edən elektron ərizənin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər: “Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə 50 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər”.

 

Sektor müdiri əlavə edib ki, ümumtəhsil məktəbinin I sinfinə 2017-ci il sentyabrın 15-nə kimi 6 yaşı tamam olan, fiziki və əqli cəhətdən normal inkişaf etmiş, eləcə də Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə müsahibədən uğurla keçmiş 16.09.2011-ci il tarixindən 31.12.2011-ci il tarixinədək olan dövrdə anadan olan və dövlət ümumi təhsil müəssisələrində ödənişsiz məktəbəhazırlıq qrupunu bitirmiş uşaqlar qəbul edilir.

 

İ.Abdullayeva qeyd edib ki, bu ildən Bakıda ümumtəhsil məktəblərində I sinfə qəbul qaydalarında bir sıra yeniliklər edilib. “Artıq bu ildən valideyn sənəd qəbulu zamanı müəllimi seçmək imkanı da əldə edəcək.  Valideyn mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə elektron ərizəsi təqdim edəcəksə, müəllimi də özü seçə biləcək”, - deyə o vurğulayıb.

 

Onun sözlərinə görə, valideyn sistemdə tam olaraq, qeydiyyatdan keçəndən sonra lazımi sənədləri məktəbə təqdim edir: “Bu zaman valideyn övladlarını özləri ilə məktəbə aparmırlar. Bu isə o deməkdir ki, məktəblərdə şagirdlərin əlavə müsahibəsi olmayacaq. Valideyn övladının məktəbə qəbulu üçün elektron formada doldurduğu sənədi, özünün və övladının şəxsiyyətini təsdiq edən sənədinin əslini, məktəbəhazırlıq qrupunda təhsil almasına dair arayış, sağlamlıq haqqında arayışı təqdim etməlidir. Bundan sonra valideynə məktəb tərəfindən qəbz verilir. Valideynə qəbz veriləcəksə, deməli onun şagirdi I sinfə qəbul edilib”.

 

İ. Abdullayeva qeyd edib ki, digər bir yenilik lisey və gimnaziyalara qəbulla bağlı olacaq. Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 287 nömrəli “Zəkalar” liseyi, 160 nömrəli Klassik Gimnaziyada 2017-2018- ci dərs ili üçün birinci sinfə  qəbul üçün valideyn martın 15-dən mayın 31-dək elektron qaydada müvafiq sənədi doldurmalıdır: “Şagird qəbul olmaq istədiyi lisey və gimnaziyaların mikroərazisində yaşayırsa, o halda müsabiqədən kənar qəbul olunacaq. Şagirdlər yalnız elektron sistemdə qeydiyyatdan keçərək məktəbə qəbul olacaq. Mikroərazidə yaşamayan şagirdin valideyni elektron sənəd verəndən sonra “müsabiqəyə yazıl” bölməsində qeydiyyatdan keçməlidir. Sonradan şagird iyun ayında keçiriləcək müsabiqədə iştirak edəcək. Ancaq bu məsələdə 3 məktəb istisnadır. Avropa Liseyi, Bülbül adına orta ixtisas məktəbi və Bakı İncəsənət gimnaziyasına şagirdlərin qəbulu mikroərazidə yaşamasından asılı olmayaraq, müsabiqə əsasında aparılacaq”.

 

Sektor müdiri əlavə edib ki, Bakıda yaşı 8-dən çox şagirdlərin də məktəblərdə təhsil alması imkanı yaradılır. Uşağın yaşı 8-i ötürsə, həmin valideyn qeydiyyatdan keçərək, övladının və özünün şəxsiyyətini təsdiq edən sənədinin əslini I və IV günlər BŞTİ-də yaradılmış komissiyaya müraciət edərək, şəxsiyyət vəsiqələri təqdim etməlidir: “Bu zaman da valideynlər övladları ilə gətirməməlidirlər. Sistemdə sağlamlıq imkanı məhdud olan uşaqlar üçün də qeydiyyat mümkündür. Bu halda valideyn övladının evdə təhsil alması üçün 3-cü və 5-ci günlər 368 saylı məktəbdə yaradılmış komissiyaya müraciət edə bilər. Digər yeniliyə əsasən, 6 yaşı 16.09.2011-ci il tarixindən 31.12.2011-ci il tarixinədək tamam olan şagirdlərin qəbulunda da dəyişiklik edilib. 6 yaşı tamam olmayan, lakin dövlət ümumi təhsil müəssisələrinə ödənişsiz məktəbəhazırlıq qrupunu bitirmiş uşaqlar dövlət ümumtəhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilir. Özəl məktəbəhazırlıq qruplarını bitirən və ya digər hallarda 6 yaşı tamam olmayan şagirdlər iyun-iyul ayında keçiriləcək müsabiqədə iştirak edəcəklər”. 

 

Qeyd edək ki, I sinfə şagird qəbulu prosesində valideynlərlə (qanuni nümayəndələrlə) qeydiyyat və sənəd qəbulu üzrə yarana biləcək mübahisəli məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə 6 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyaları təşkil olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən mektebeqebul.edu.az saytının istifadəçiləri üçün 2017-2018-ci tədris ilində elektron sistem vasitəsilə uşaqların I sinfə şagird qəbulu barədə videotəlimat da hazırlanıb. Eyni zamanda, vətəndaşları düşündürən məsələlərə daha geniş aydınlıq gətirmək üçün BŞTİ-nin rəsmi “Facebook” səhifəsində 15-17 mart 2017-ci il tarixlərində I sinfə qəbulla bağlı suallara cavab verilir.

 

 

Müəllif | Apa.Tv
Apa.tv