“Problem saatda deyil, insanların təşvişindədir”- Ekspert rəyi
“Yay və ya qış vaxtına keçid daha çox həssas insanlara mənfi təsir edir. Martın 26-da “Vaxtın şəbəkədən avtomatik təyin edilməsi” və “Vaxt zonasının avtomatik təyin edilməsi” imkanlarının seçilməməsi səbəbindən bəzi mobil qurğularda martın 26-da saatların avtomatik olaraq 1 saat irəli çəkilməsi daha çox emosional insanlara təsir edib”.
Bunu "Sosium" proqramının qonağı, psixoloq Vəfa Rəşidova deyib. Onun sözlərinə görə, bəzi mobil qurğularda saatların irəli çəkilməsi həyəcan və təşviş pozuntuları olan insanlara təsirsiz ötüşməyib. “Bəzi mobil telefonlarda saatın dəyişməsinin insanlara təsirini iki cür qruplaşdırmaq olar. Bəziləri bu dəyişikliyə emosional yanaşsa da, adi yanaşanlar da müşahidə etdik. Amma bu dəyişikliyə emosional yanaşanların sayı çox oldu. Yaş kateqoriyaları cəhətdən təhlil edəndə məlum olur ki, mobil telefonlarda saatların dəyişməsi yaşı 35-dən yüksək olan insanlara daha çox təsir etdi. Bəziləri hesab edir ki, bu dəyişiklik onun həyatına təsir etdi. Amma əslində heç nə dəyişməyib”.
Xarakterlərin və həyat tərzinin müxtəlif olduğunu deyən psixoloq hesab edir ki, vaxtın dəyişməsi insanlara müxtəlif cür təsir edir. Onun fikrincə, saatların çəkilməsi dəyişikliyi sevməyən insanlara daha çox təsir edir, onların əhval-ruhiyyəsinə pis təsir edir: “Burada xarakterdən çox şey asılıdır. Elə insanlar var ki, xarakteri elastikdir. Bu tip insanlar bütün dəyişkənliyə, yeni şəraitə tez uyğunlaşa bilir. Bu insanlar üçün yay və ya qış vaxtına keçidin elə də önəmi olmur. Amma elə insanlar var ki, spontan situasiyalara hazır olmur. Buna görə də stress və gərginlik yaşayır. Vaxtın dəyişməsi bu insanların psixoloji təsir edir. Saatların çəkilməsi ilk növbədə yuxu ilə bağlı problemlərin yaranmasına, iştahasızlığın yaranmasına səbəb olur. Yay və ya qış vaxtına keçid nevroloji problemi olanlara və şəkərli diabet xəstəliyi olan insanlara təsir edir. Bu dəyişiklik daha çox kişilərə təsir edir”.
V.Rəşidova saatların çəkilməsini böyütməyi və problemə çevirməyi məsləhət görmür. Onun fikrincə, saat dəyişkənliyi maksimum 1 gün uyğunlaşma tələb edir. Ümumiyyətlə, psixoloq yay vaxtına keçidin ləğv olunmasının müsbət tərəflərinin çox olduğunu düşünür: “İnsanlar daha çox sabitlik sevdiklərindən saatların çəkilməməsi insanların psixoloji durumuna müsbət təsir edir”.