Novruzda turistlərin çoxluğu kirayə bazarında tələbi artırıb

“Bu il Novruz bayramı ərəfəsində Azərbaycana gələn turistlər arasında kirayə bazarına daha çox İran vətəndaşları maraq göstərirdi. Bu, İran vətəndaşlarının ölkəmizə səyahət paketləri əsasında gəlməməsi ilə əlaqədar idi. İraqdan, Birləşmiş Ərəb Əmirliklərindən, eləcə də digər ərəb ölkələrindən gələn turistlərin əksəriyyəti isə turizm şirkətlərinin göndərişi əsasında gəlib. İrandan gələn turistlərin əksəriyyəti müstəqil şəkildə gəldiklərindən onlar Azərbaycanda kirayə mənzil tutmaqda maraqlı olub”.

 

Bunu “Sosium” proqramının qonağı, iqtisadçı-ekspert Rəşad Əliyev deyib. Onun sözlərinə görə, Azərbaycana mütəmadi gələn turistlər mənzil kirayələməyə üstünlük verib: “Bu onunla bağlıdır ki, bu turistlər ölkə ilə yaxından tanışdırlar. Onlar 2-3 ildən bir Azərbaycana səfər edir. Oteldən daha ucuz başa gəldiyinə görə, onlar mənzil kirayələməkdə maraqlı olur”.

 

R.Əliyev bildirib ki, tələbat çox olduğuna görə, kirayə bazarında qiymətlərdə artım müşahidə edilib. Bununla belə, iqtisadçı-ekspert əlavə edib ki, qiymət artımı qısa müddət ərzində kirayə verilən evlərdə özünü büruzə verib: “Bu amil bütövlükdə kirayə qiymətlərinə elə də ciddi təsir etmir. Çünki, evlər uzun müddət ərzində kirayə verildiyindən bu evlər qısa müddətli kirayə dövriyyəsinə daxil olmur. Kimsə bir aylıq səfərə gəlirsə, ev sahibi qısa müddət üçün kirayənişinini evdən çıxarmır”.

 

Onun sözlərinə görə, müşahidələr göstərir ki, bayram günlərində gündəlik kirayəyə verilən evlərin qiymətində 50% artım qeydə alınıb.

 

R.Əliyev  hesab edir ki, 1-ci mikrorayonun yenidən qurulması ilə əlaqədar 34 binadan 1729 ailənin köçürülməsi daşınmaz əmlak bazarına təsir edəcək. “1-ci mikrorayonun sökülməsi səbəbindən tələbatın artması ilə əlaqədar qısa müddət üçün kirayə bazarında qiymətlər yüksələcək. Çünki, daşınmaz əmlakın gəlirliliyi artacaq. Amma uzunmüddətli dövr üçün daşınmaz əmlak bazarında evlər ucuzlaşacaq. Çünki, sökülən binaların yerində əvvəlkindən çox mənzil inşa olunacaq və sökülən binalardakı evlərin sahibləri yeni binalarda yerləşdirildikdən sonra təklif çox olacağından evlərin qiymətində azalma müşahidə ediləcək”.

 

İqtisadçı-ekspertin fikrincə, 1-ci mikrorayonda binaların sökülməsi və yeni binaların inşası tikinti materialları bazarında canlanmaya səbəb olacaq.  

Müəllif | Apa.Tv
Apa.tv