İctimai yerlərdə öpüşənləri qınamaq olarmı?
“Sevən gənclərin bir-birinə toxunuşu, təması bu qədər ajiotaja çevrilməməlidir. Onlara qarşı sərt reaksiya göstərilməməlidir. Onlar yeniyetmə, gəncdirlər, həyatlarının ilk baharındadırlar. Onlar bir-birlərinə sevgi duyurlar və buna görə bir-birlərinə toxunublar. Məncə burada qınaq obyektinə çevriləsi bir hərəkət yoxdur. Çünki, sərt reaksiya və təhqir gənclərin gələcək həyatına mənfi təsir göstərir. Yeniyetmə və gənclərdə ilk dəfə yaranmış sevgi hissləri olur. İctimai yerlərdə öpüşən insanlara aqressiv yanaşılarsa və onlar təhqir olunarsa, artıq bu şəxslərdə sevgi hisslərinin yenidən yaranması sual altında olur”.
Bu fikirləri “Sosium” proqramının qonağı, psixoloq Aygün Cəfərova səsləndirib. Öpüş və sevginin fundamental ehtiyac olduğunu deyən psixoloq hesab edir ki, bu hisslər mütləq ödənilməlidir. Onun sözlərinə görə, bu ehtiyacların ödənilməməsi insanlarda aqressiya və digər psixi pozuntuların yaranmasına səbəb ola bilər. Bununla belə psixoloq ictimai yerlərdə əxlaqi dəyərlərdən uzaq davranışların yolverilməz olduğunu bildirib. O, hisslərin ifrat formada nümayiş olunmasının da yolverilməz olduğunu deyib.
Hər bir şəxsin fikirlərini sərbəst ifadə etmək hüquq və azadlığına sahib olduğunu deyən A.Cəfərova əlavə edib ki, ictimai qınaq zamanı normanın aşılmasına yol verilməməlidir. Psixoloq hesab edir ki, mentalitetə uyğun olmayan hərəkətlərə yol verənlər, eləcə də buna qarşı mübarizə aparanlar heç bir halda təhqir olunmamalıdır: “Qarşı tərəfin şəxsiyyətinə toxunmadan hər bir situasiya ilə bağlı fikirlərimizi ifadə edə bilərik. Bu və ya digər şəxs tərəfindən belə hallar qəbul olunmaya bilər. Biz ona deyə bilmərik ki, sən nəyə görə bunu qəbul etmirsən? Hər bir şəxsin dəyərlər sistemi var. Ola bilər ki, qarşı tərəf bu hərəkətləri xoşlamasın. Bu halda o, həmin məkanı tərk edə bilər. Hər zaman müəyyən formalarda etirazı bildirmək olar. Təbii ki, belə hərəkətlərə müəyyən formada, gənclərin həyatına mənfi təsir edəcək bir formada münasibət bildirilməməlidir”.
A.Cəfərova qeyd edib ki, ictimai yerlərdə davranış qaydalarını pozanlara qarşı münasibətdə “qızıl orta” prinsipi gözlənilməlidir: “Burada fərqli nüanslar var. Biz onları kəskin tənqid edəriksə, bu, onların gələcək həyatına mənfi təsir edə bilər. Yox əgər dəstəkləyəriksə, digər yeniyetmələr üçün artıq yaxşı nümunə olmayacaq”.
Psixoloq əlavə edib ki, yeniyetmə və gənclərin əxlaq dəyərlərinə əməl etməsi, milli mentalitetə uyğun hərəkət etməsində ailənin üzərinə böyük vəzifələr düşür.
“Hər bir insan müxtəlif ailədən gəlir. Ailələr isə fərqli formada tərbiyə üsuluna üstünlük verir. Ailə övladlarını düzgün tərbiyə etməlidir. Valideynlər uşaqlarına məlumat verməlidirlər ki, evdə bu hərəkətlər olar, cəmiyyətdə bu hərəkətlər olmaz. 6 yaşında hər bir insanda “supereqo” deyilən bir hiss formalaşır. Bu zaman insanlarda əxlaqi dəyərlər, cəmiyyət dəyərləri formalaşır. 6 yaşından etibarən biz bu dəyərləri uşaqlarımızda formalaşdırmalıyıq. Bu ehtiyaclar ödənilməyəndə, məlumat verilməyəndə uşaqlar müəyyən bir mühitə düşəndə özləri bir dəyər formalaşdırırlar. İnsanlar doğularkən onların xarakterinin formalaşmasında genetika 25%, ailə 25% rol oynayır. Ətraf mühit, məktəb, müəllim, dost-tanışın təsiri isə 50% təşkil edir. Bəzən valideynlər
tərbiyə verirlər. Amma nəticə vermir. Bu, valideyn-uşaq münasibətlərinin düzgün qurulmaması ilə bağlıdır. Belə ailələrdə həddən artıq çox qadağa olur. Qadağa ola bilər, amma bu qadağalar düzgün ifadə olunmalıdır. Uşaqlara düzgün izah olunanda onlar bunu qadağa kimi görmür və özlərini qəfəsə salınmış kimi hesab etmir. Əksinə qadağalar çox olanda və düzgün izah olunmayanda yeniyetmə və gənclər kənara çıxan kimi basdırılmış hisslərini nümayiş etdirməyə başlayır”.
Hüquqşünas Şahəli Məmmədov qeyd edib ki, ictimai yerlərdə cəmiyyətdə bərqərar olmuş əxlaqi dəyərlərin pozulması ilə bağlı qanunda konkret müddəa yoxdur. Bununla belə, ictimai yerlərdə davranış qaydalarını pozmaq inzibati məsuliyyət yaradır: “İctimai yerlərdə cəmiyyətdə bərqərar olunmuş əxlaq dəyərlərin pozulması ilə bağlı qanunda konkret müddəa nəzərdə tutulmasa da, bu hərəkətlər inzibati məsuliyyət yaradır. Çünki, hüquqazidd əməllərin olması digər insanların əxlaqına təsir edə bilər. Buna görə profilaktik tədbirlər görülür. İnzibati Xətalar Məcəlləsində bununla bağlı dəqiq maddə yoxdur. Həmin məsuliyyətin yaranmasına adətən xırda xuliqanlıq kimi yanaşılır. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən belə hərəkətə yol verənlər inzibati məsuliyyətə cəlb edirlər. Bu, digər şəxslərin belə hərəkət etməsinin qarşısını almaq məqsədi daşıyır”.