Mobil telefonlardan təhlükəsiz necə istifadə etmək olar?
“Artıq sərhəd tanımayan “Web texnologiya”lar vasitəsi ilə çox asanlıqla insanların şəxsi məlumatlarının əldə etmək olar. Təkcə “Mage” tətbiqi ilə deyil, yüzlərlə mobil tətbiqləri yükləməklə insanların şəxsi məlumatlarına əlçatanlığı təmin etmək mümkündür”.
Bunu “Sosium” proqramının qonağı, İnformasiya Kommunikasiya Texnologiyaları üzrə mütəxəssis Cahid İsmayıloğlu deyib. Hər bir şəxsin mobil telefon, planşet və ya kompüterində məxfi məlumatların olduğunu deyən C. İsmayıloğlu qeyd edib ki, müxtəlif proqram və tətbiqlərin yüklənməsi ilə gizli informasiyaların digər şəxs və ya şəxslərə ötürülə bilər. “Bəzi şəxslər üçün mobil telefonundakı nömrələrin yayılması adi hal sayıla bilər. Amma bəzi şəxslər də var ki, onların telefon kitabçasında mövcud olan nömrələr həddindən artıq məxfi ola bilər. Bəzi istifadəçilər tərəfindən bu nömrələrin aid olduğu şəxslər bəzən gizlədilir və ya şifrələnir. Mobil proqram və tətbiqlərin yüklənməsi ilə bu nömrələrin digər şəxslərə ötürülməsi maddi və mənəvi ziyana səbəb ola bilər. Buna görə də “Mage” tətbiqinə qadağanın qoyulması başa düşüləndir”, - deyə mütəxəssis vurğulayıb.
C.İsmayıloğlu əlavə edib ki, “Mage” tətbiqini yükləməklə istifadəçilər telefon kitabçalarında olan nömrələrin başqa serverə yüklənməsinə şərait yaratmış olur. Onun sözlərinə görə, bu halda telefon kitabçasında olan nömrələr vahid platformada toplanır: “Mage” tətbiqi yükləməklə nömrənin kimə məxsus olduğunu müəyyənləşdirmək mümkün deyil. Sadəcə bu nömrələrdən kimin istifadə etdiyini öyrənmək mümkündür”.
Ekspert vurğulayıb ki, müxtəlif proqram və tətbiqlərin yüklənməsi təkcə telefon kitabçasında olan nömrələrin deyil, digər şəxsi məlumatların da yayılmasına səbəb ola bilər. Bu isə son nəticədə istifadəçiyə maddi və mənəvi ziyan vura bilər: “Bəzi insanlar var ki, elektron poçt ünvanının şifrəsini, bank kartının nömrəsi və parolunu mobil telefonunda qeyd edir. “Play store” və “Apps store”dən müxtəlif proqramlar yükləməklə, bu məlumatlar, eləcə də mobil cihazlarda, kompüterlərdəki daha məxfi məlumatlar, yəni foto, videolar yayıla bilər. “Mage” tətbiqi şəxsi məlumatların asanlıqla yayıla biləcəyini sübut edir”.
Bunları əsas gətirən mütəxəssis virtual gizli şəbəkələr (Virtual Private Netvork) vasitəsi ilə həmin proqramların açılmasını və istifadəsini məsləhət görmür. Onun fikrincə, belə saytların əksəriyyəti virus yaymaqla məşğuldur. C.İsmayıloğlu deyib ki, mobil telefon və kompüterlərdə “antivirus” proqramlarının mövcudluğu da cihazlara ziyanın qarşısını almaqda aciz olur: “Hər gün yeni viruslar yayılır. Bundan başqa, “antivirus” proqramları bəzi proqram tətbiqlərini virus kimi qeydə almır. Bununla da mobil telefon və kompüterlərə ciddi ziyan dəyir”.
O, istifadəçilərə bu və ya digər mobil proqram və tətbiqi yükləyərkən şərtləri diqqətlə oxumağı tövsiyə edir. İnternet mühitində zərərli informasiyaların həddindən artıq çox olduğunu deyən C.İsmayıloğlu bəzi saytlara “süzgəc”in tətbiqini vacib sayır.