Bakıda I sinfə qəbulla bağlı problemləri necə həll etmək olar?

“Artıq 15 gündən çoxdur ki, Bakıda I sinfə elektron qaydada ərizə qəbulu prosesi başlayıb. Bəzi valideynlər I sinfə qəbulla bağlı müəyyən çətinliklərlə qarşılaşırlar. Bəzi valideynlərin elektron qaydada qeydiyyatdan keçməməsi müəyyən çətinlik yara bilər. Məlumat üçün qeyd edim ki, birinci mərhələdə valideyn mütləq elektron qaydada qeydiyyatdan keçməlidir. Digər problemlər isə valideynin təqdim etdikləri sənədlərdə qeyri-müəyyənliyin olması səbəbindən yarana bilər. Valideyn sistemdə tam olaraq, qeydiyyatdan keçəndən sonra lazımi sənədləri məktəbə təqdim etməlidir”.  

 

Bunu “Sosium” proqramının qonaqları, Bakı Şəhər Təhsil İdarəsinin ümumtəhsil sektorunun müdiri Lamiyə Şərəfxanova deyib. Bəzi valideynlərin yaşadıqları ərazi üzrə məktəbi seçə bilməməsinə gəlincə, L.Şərəfxanova bildirib ki, Bakıda məktəblərin 85%-də ərazi prinsipi qoyulmayıb: “Yalnız müəyyən sayda məktəblərdə süni sıxlığın qarşısını almaq üçün müəyyən məhdudiyyətlər qoyulub. Bu ərazilərdə I sinfə qəbulla bağlı müraciətlərdə növbəlilik prinsipi əsas götürülür. Elektron qeydiyyat 6 ay davam edəcək. Bu müddətdə biz daxil olan hər bir ərizəni araşdırır və cavab veririk. Amma bu o demək deyil ki, həmin ərazidə yaşayan insanların övladları məktəbə getməyəcək. Burada böyük problemlər qeydə alınmır. Bizdə müvafiq komissiyalar fəaliyyət göstərir. Proses fərdi qaydada hər bir valideynlə birgə araşdırılır”.

 

Sektor müdiri əlavə edib ki, elektron qaydada I sinfə qəbul zamanı müraciət edən şəxsə üstünlüklər verən məqamlar nəzərə alınır: “I sinfə qədəm qoyacaq şagird seçdiyi məktəbdə məktəbəhazırlıq qrupunda təhsil alıbsa, onun bacı-qardaşının həmin məktəbdə oxuyursa və ya valideynlərdən biri həmin məktəbdə işləyirsə, bu faktlar həmin şagirdin məktəbə qəbulu zamanı nəzərə alınır”.      

 

Bakı Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov isə qeyd edib ki, paytaxt üzrə qeydiyyat və yaşayış ünvanı fərqli olan vətəndaşların övladları I sinfə şagird qəbulunda da problem yoxdur: “. Bu hallar sistemdə əvvəlcədən nəzərə alınıb. Mikroərazi yaşayış ünvanının kommunal ödəniş kodu valideynin şəxsiyyət vəsiqəsindən gələn ünvana və yaxud uşağın şəxsiyyət vəsiqəsindən gələn ünvana əsasən təyin edilir. Sadə dillə desək, sistemə kommunal haqların ödənişi ilə bağlı kodu daxil etdikdə, avtomatik yaşayış yeri müəyyənləşdirilir. Yəni, vətəndaş faktiki olaraq məktəbin mikroərazisində yaşayırsa, övladı elektron sistem tərəfindən avtomatik olaraq, müvafiq ümumi təhsil müəssisəsinin I sinfinə qeydə alınır. Kirayədə yaşayan vətəndaşlara isə övladları üçün yaşadıqları ərazi üzrə seçdikləri məktəbdə sıxlıq olduğu halda ikinci mərhələni gözləməlidir. İyunun 15-dən sonrakı mərhələdə həmin ərazilərdə yaşayan, daimi qeydiyyatda olan vətəndaşların övladları həmin məktəblərə yerləşdirildikdən sonra kirayədə yaşayan vətəndaşların övladlarının bu məktəblərdə təhsillə təmin olunması məsələsinə baxılır. Digər halda tövsiyə olunur ki, ərazi prinsipinin olmadığı 85% məktəbdə istədikləri təhsil müəssisəsini seçə bilər”.

 

B.Məmmədov vurğulayıb ki, indiyə qədər Bakıda I sinfə qəbulla bağlı 35 000-dən çox sorğu yerləşdirilib: “Valideynlərin 31 646-sı ümümtəhsil məktəblərini, 3 mindən bir qədər çoxu isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 80 faizinə yaxındır”.

Müəllif | Apa.Tv
Apa.tv