İpoteka qaydalarında dəyişikliyin əhali üçün faydaları nədir?

“Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə “Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişikliklər çox əhəmiyyətlidir. Belə ki, əvvəllər ipoteka kreditləri hazır təmirli evlərə verilirdi və qiymət hazır təmirli evlər üçün hesablanırdı. Amma indiki dəyişiklikdə qanunvericilikdə nəzərdə tutulduğu halda təmirsiz evlərin də qiymətləndirilərək ipoteka predmeti olması məqsədəuyğun hesab olunub”.

 

Yeni dəyişiklik təzə evi girov predmetinə çevirəcək

 

Bunu “Sosium” proqramının qonağı, iqtisadçı-ekspert Cəfər İbrahimli deyib. Onun sözlərinə görə, bu dəyişikliklə dövlət qeydiyyatı olmayan yeni binalarda evlərin ipoteka kreditləri hesabına alınması mümkün olacaq: “Son dəyişiklik əmlakın qabaqcadan qeydiyyatı yolu ilə, yəni əmlak tikilməyə başlayan anda ilkin qeydiyyat əsasında da mənzili ipoteka krediti yolu ilə almağa imkan verəcək”.

 

Güzəştli ipoteka krediti üçün ilkin ödəniş aşağı salınıb

 

Həmçinin, Azərbaycanda güzəştli ipoteka krediti üçün ilkin ödənişin məbləği aşağı salınıb, güzəştli ipoteka kreditinin həcmi isə artırılıb. Başqa sözlə, bundan sonra güzəştli ipoteka krediti kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 90 faizi həcmində veriləcək. İqtisadçı-ekspert hesab edir ki, bu dəyişikliklərin vətəndaş üçün faydası böyükdür. “İnşa olunan binanın tikintisi başa çatmadığı halda o zaman müəyyən risklər yara bilər. Amma sosial yönümlü layihəsi olduğu üçün böyük risklərin yaranmayacaq”.

 

Qaydaların dəyişdirilməsi bank sektorunun yükünü azaldacaq

 

C.İbrahimli “Banklar haqqında” qanuna dəyişiklik layihəsini son dövrlər üçün ən mühüm dəyişiklik adlandırıb. Onun fikrincə, dəyişikliklər bankların sağlamlaşdırılması ilə bağlı mühüm tədbirlərin görülməsinə imkan verəcək. “Bankların bağlanaraq bütün öhdəliklərin dövlətin üzərinə qoyulması düzgün deyil. Son 10 ildə dünyanın iqtisadi sistemlərində baş verən proseslərə baxanda heç bir ölkədə bu yanaşmaya müsbət yanaşılmadığının şahidi oluruq. Bu və ya digər dövlət bankların sağlamlaşdırma imkanlarını axtarırlar. Qanunvericiliyə gətirilən bu dəyişikliklərin də mahiyyətində bankların sağlamlaşdırılması tədbirləri dayanır. Biz hesab edirdik ki, əhalinin banklardakı əmanətlərini Əmanətlərin Sığortalanması Fondu qaytardı və problem bitdi. Xeyr. Tutaq ki, dövlət tərəfindən əhaliyə 730 milyon manat vəsait qaytarılıb. Amma banklarda bu məbləğdən də yüksək hüquqi şəxslərin qorunmayan əmanətləri var. Bank bağlananda bu şirkətlərin vəsaiti qaytarılmamış qalır. Şirkət uzun müddət likvid vəsaitdən istifadə edə bilmədiklərindən bu şirkətlərə mənfi təsir edir. Bu, iqtisadiyyata daha mənfi təsir edirdi. İndiki qanunvericilik isə bankların sağlamlaşdırılmasının önə çıxdığını deməyə əsas verir. Burada səhmdarların, kreditorların hesabına və ya cüzi məbləğ yatırmaqla  dövlətin bankın nizamnamə kapitalında iştirakı ilə bankların sağlamlaşdırılması məsələsi yer alıb. Bu halda dövlət gələcəkdə öz payını sataraq yatırdığı vəsaiti geri götürə bilir”.

 

Manatın məzənnəsində ciddi dəyişiklik gözlənilmir

 

İqtisadçı-ekspert manatın məzənnəsi məsələsinə də toxunub. Onun fikrincə, ABŞ-ın Federal Ehtiyat Sisteminin faizləri artırması milli valyutamızın məzənnəsinə birbaşa təzyiq yaratmayacaq: “FED-in uçot dərəcəsi ilə bağlı qəbul edəcəyi qərar çox sonralar bizim idxal-ixracda tərəfdaşlıq etdiyimiz ölkələrin valyutalarında baş verəcək dəyişikliklər fonunda manata təsir ola bilər. Bu il hökumətin verdiyi qərar ölkənin valyuta ehtiyatlarının qorunmasına yönəlib. Pul kütləsini daralması, Mərkəzi Bankın pul siyasətini sərtləşdirməsi, manatın uçot dərəcəsinin yüksək saxlaması fonunda milli valyutanın məzənnəsini tənzimləmək niyyəti aydın görünür”.   

 

Bunu əsas gətirən C.İbrahimli hesab edir ki, bu siyasət davam etdiriləcəyi təqdirdə manatın məzənnəsində ciddi dəyişiklik gözlənilmir.  

Müəllif | Apa.Tv
Apa.tv