Uşaq və yeniyetmələrin sosial şəbəkələrdən asılılığı hansı problemlər yaradır?

“Biz müasir texnologiya erasının texnoloji əsiri, qullarına çevrilmişik. Mobil telefonlardan, sosial şəbəkələrdən asılılıq insanın depressiya düşməsinə gətirib çıxarıb.”

 

Bu fikirləri "Sosium" proqramının qonağı, SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyasının ictimai vəkillik üzrə mütəxəssisi, sosioloq Cavid İmamoğlu deyib. Onun sözlərinə görə, bütün dünyada olduğu kimi Azərbaycanda da sosial şəbəkələrdən asılılıq durmadan artır. Sosioloq qeyd edib ki, həm texnologiya, həm də sosial şəbəkələrin insanın həyatına müsbət təsirləri ilə yanaşı, mənfi təsirləri də var. “Sosial şəbəkə insanı həm inkişaf etdirə, həm də inkişafdan saxlaya bilər. Qloballaşan dünyanın tərkib hissəsi olan Azərbaycanda insanların sosial şəbəkələrə gəlməsinə müsbət yanaşıram. Amma insanlar sosial şəbəkələrdən məntiqlə və yalnız dünyagörüşünü artırmaq üçün istifadə etməlidir. Məsələn, tələbə, iş adamları, ictimai xadimlərin sosial şəbəkələrdə olması onlara hava-su kimi lazımdır. Amma uşaq və yeniyetmələrin, abituriyentlərin sosial şəbəkələrdən nə götürə biləcəkləri mənim üçün sual olaraq qalır”.

 

Dünyanın müxtəlif ölkələrində təhsildə müasir texnologiyalardan istifadə edildiyini deyən C.İmamoğlu qeyd edib ki, buna baxmayaraq orta və ali məktəblərdə tədrisin effektivliyini artırmaq üçün mobil telefonların istifadəsinə qadağa qoyulub. Bu yanaşmanı müsbət dəyərləndirən sosioloq hesab edir ki, sosial şəbəkələr uşaq və yeniyetmələrin inkişafına, onların təhsilinə mane olur.

 

“Sosial şəbəkələrdən qarşıya qoyduğumuz məqsədlər üçün istifadə olunmalıdır. Sosial şəbəkələr bizdən yox, biz onlardan istifadə etməliyik. Yalnız bu halda sosial şəbəkələrdən istifadə inkişafa səbəb ola bilər. Sosial şəbəkələr biznes məqsədləri üçün yaradılıb.  Onlar mümkün qədər sosial şəbəkələrə daha çox insanın gəlməsində maraqlıdır. Pulunu qazanan qazanır. Amma biz itirməyək. Şəxsiyyətimizi, mənəviyyatımızı, hər şeydən dəyərli olan vaxtımızı itirməyək , - deyə sosioloq vurğulayıb.

 

C.İmamoğlu qeyd edib ki, sosial şəbəkələrdə uşaq və yeniyetmələr üçün zərərli informasiyalar çox olduğuna görə valideynlər övladlarının mobil telefondan, planşetlərdən istifadə etməsinə icazə verməməli, mütləq onlara nəzarət etməlidir: “Yetkinlik yaşına çatmayanlar onlar üçün xeyirli məqamları dərk edə bilmir. Son dövrlərdə sosial şəbəkələr üzərindən aparılan oyunlar uşaqların ölümü ilə nəticələnir. Buna görə də biz uşaqları sosial şəbəkədən qorumalıyıq. Buna görə də, uşaqların 8,9 və ya 10 yaşında sosial şəbəkəyə gəlməsi artıq uşaq hüquqlarının pozulması deməkdir. Uşaqlar öz valideynlərini təqlid edir. Uşaq valideynlərinin əlində mobil telefon, planşet görəndə o da buna can atır. Burada valideynin üzərinə böyük vəzifə düşür. Valideyn uşaqların milli mənəvi, bəşəri dəyərlər əsasında böyüməsinə cavabdehdirlər. Amma əksər hallarda biz müşahidə edirik ki, valideynlər öz rahatlığı üçün mobil telefonları, planşetləri övladlarına verir. Bu isə uşaqların karyera imkanları, savad alması sual altına düşür. Əgər nəzarət olmasa, biz uşaqları, onların inkişafını itirə bilərik. 14-15 yaşında olan uşaqlar belə həyata hazırlaşdırılmalıdırlar. Valideynlər uşaqların bacarıqlarını inkişaf etdirməlidirlər. Biz uşaqların əlində siqaret görəndə necə məyus oluruqsa və buna icazə vermiriksə smartfon görəndə də eyni münasibət göstərilməlidir. Çox təəssüf ki, valideynlər mobil telefon və planşetlərin uzunmüddətli mənfi təsirlərini görmürlər. Alkoqollu içkilər, tütündən asılılıqla mobil telefon, sosial şəbəkələrdən asılılıq arasında fərq qoyulmamalıdır”.  

Müəllif | Apa.Tv
Apa.tv