Ailə biznesini necə qurmaq olar?

“Prezidentin İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli fərmanı ilə yaradılan Ailə Biznesinə Asan Dəstək Mərkəzləri ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətinin dəstəklənməsi yönündə icrası nəzərdə tutulan layihələrlə yanaşı, əmək qabiliyyətli aztəminatlı ailələrin öz təsərrüfatlarını formalaşdıra bilmələri üçün sosialyönümlü layihələr həyata keçirəcək”.

 

Bu fikirləri “Sosium” proqramının qonağı, ABAD mərkəzlərinin ictimaiyyətlə əlaqələr üzrə sektor müdiri Elvin Şirinli deyib. Onun sözlərinə görə, ABAD Mərkəzlərinin həyata keçirdiyi layihələr ev təsərrüfatları üçün çox əlverişlidir. E.Şirinli bildirib ki, ABAD mərkəzlərinin həyata keçirdiyi layihələr ailə biznesləri üçün nəzərdə tutulduğundan hər bir şəxs istehsal sahələrini yaratmaq, bizneslərini qurmaq üçün müraciət edə bilər.

ABAD Mərkəzinin rəsmisi bəyan edib ki, müraciət edən şəxslərin təsərrüfat və istehsal imkanları dəyərləndirildikdən sonra ailə təsərrüfatları müasir istehsal avadanlıqları ilə təmin edilir.

 

“Bundan başqa, ABAD ailə təsərrüfatlarına marketinq araşdırmalarının aparılmasında kömək edir.  Bilirsiniz ki, ailə təsərrüfatları özləri marketinq araşdırması aparsa, bu onların istehsal xərclərini və məhsulunun maya dəyərini artıracaq. Nəticədə ailə təsərrüfatlarının istehsal etdikləri məhsullar rəqabət qabiliyyətli olmayacaq. Həmçinin, ABAD Mərkəzləri qısa müddət ərzində yüksək keyfiyyətlə hazırlanmış məhsulların sertifikatlaşdırılması prosesinə də ailə təsərrüfatlarına dəstək verir”, - deyə E.Şirinli vurğulayıb.

 

E.Şirinli qeyd edib ki, ABAD mərkəzləri ailə təsərrüfatlarının brendinin yaradılmasında da köməklik edir. Mərkəz rəsmisi əlavə edib ki, bu gün satışda olan ərzaq məhsulları üzrə 13 brend yaradılıb. Onun sözlərinə görə, indiyədək Masallı və Balakən rayonu üzrə ərzaq məhsullarının istehsalı ilə əlaqədar 30-a yaxın ailəyə yardım edilib. ABAD Mərkəzləri sənətkarlıq məhsullarının istehsalı ilə məşğul olan 70 ailəyə də dəstək olub.

 

Bundan başqa, sənətkarların əl işlərinin satışının həyata keçirilməsi üçün “ABAD” Sənətkarlıq Mərkəzi də yaradılıb: “İlkin mərhələdə 63 ailənin 500 adda 2000-dən artıq məhsulu sərgi satışa çıxarılıb. Hazırda “ABAD” sənətkarlıq Mərkəzində 80 ailəyə məxsus əl işləri satışdadır. Turistlərin bu məhsullara marağı olduqca böyükdür”.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin tabeliyində yaradılmış “ABAD” publik hüquqi şəxsin rəsmi internet səhifəsi - www.abad.gov.az fəaliyyətə başlayıb. Yeddi bölmədən ibarət səhifədə ABAD-ın təqdim etdiyi məhsullar, publik hüquqi şəxslə əməkdaşlıq edən şəxslər, təqdim olunan xidmətlər, yaradılmış brendlər haqqında məlumat əldə etmək olar. “Məhsullar” bölməsində “ABAD” tərəfindən dəstək göstərilən ərzaq məhsullarının istehsalı, yaxud dekorativ-tətbiqi sənətkarlıq sahəsində çalışan ailələrin satışa çıxarılmış məhsulları, satış şəbəkələri barədə məlumat yer alıb. “ABADçılar” bölməsində “ABAD”a qoşulmuş ailə biznesləri, “Brendlər” bölməsində isə yaradılmış ailə brendləri haqqında ətraflı məlumat verilib. Həmçinin, “ABAD”a üzv olmaq, əməkdaşlıq etmək üçün xüsusi “ABADçı OL” bölməsi yaradılıb. Bu bölməyə daxil olan şəxslər fəaliyyət göstərdiyi sahə, öz təsərrüfatları, mövcud imkanları haqqında məlumatları daxil edərək, “ABAD”a sorğu-müraciət göndərəcəklər. 

Müəllif | Apa.Tv
Apa.tv