20-yə yaxın xəstəlik yaradan siqareti tərgitmək üçün nə etməli?
“Tütünçəkmə 20-dən artıq xəstəlik əmələ gətirir və sonda əlilliyə, ölümə səbəb olur”.
Bunu "Sosium" proqramının qonağı, həkim-narkoloq Asif Kəngərli deyib. Onun sözlərinə görə, alimlər tərəfindən siqaretin tərkibində 4000 qədər zərərli və zəhərli maddələrin olduğu aşkar edilib. Həkim-narkoloq bildirib ki, bu maddələr insanda xərçəng xəstəliyinin yaranmasına səbəb olur.
“Birincisi, nikotin adlanan maddədir ki, nikotin 8 saniyəyə beyinə çatır və asılılıq yaradır. Nikotin qanla endokrin sistemə, xüsusilə də böyrəküstü vəzə çatır. Böyrəküstü vəz adrenalin və noradrenalin ifraz edir. Nikotin periferik damarların daralmasına səbəb olur, ürək üçün “qamçı” rolunu oynayır. Nikotin ürəyi çox işləyib, az dincəlməyə vadar edir. Nəticədə bir neçə il sonra ürək vaxtından əvvəl qocalır və ürək infarktı üçün zəmin yaranır. Bundan başqa, damarları çox daraltdığına görə, həkimlərin çox qorxduğu, müalicə çox çətin tabe olan xəstəliklərin yaranmasına səbəb olur. Nəticədə aşağı ətrafların amputasiyasına gətirib çıxarır. İkincisi, siqaretin tərkibində olan radioaktiv maddələr orqanizmi alfa və betta şüaları ilə şüalandırır və xərçəng xəstəliyi törədirlər. Çox qorxulu bir şeydir. İnsan orqanizmi üç aydan bir təzələnir. Hər üç aydan bir insan orqanizmində mitoz bölünmə prosesi gedir. Mitoz bölünmə normal bir bölünmədir, bir “ana” hüceyrədən iki “qız” hüceyrə əmələ gəlir. Bölünmə anında şüalanmaya məruz qalan hüceyrə amitoz bölünməyə məruz qalır. Yəni, normal “ana” hüceyrədən eybəcər iki“qız” hüceyrə əmələ gəlir. Bu hüceyrələr özü kimi eybəcər hüceyrələr əmələ gətirir. Nəticədə insan orqanizmində şiş yaranır. İnsanlar bunu bilsələr, siqaretdən imtina edərlər. Çoxları bunu bilmədiyindən siqareti tərgitmir. Üçüncüsü, siqaretin tərkibində olan yüzə qədər qətran var ki, siqaretdən mütəmadi istifadə nəticəsində ağciyərdə bu qətranlar toplanır və ağciyərlərdə mübadilə prosesi pozulur. Ona görə də siqaret çəkənlər nəfəs almaqda çətinlik çəkir”, - deyə A.Kəngərli vurğulayıb.
A.Kəngərli əlavə edib ki, siqaret çəkməyənlərlə müqayisədə çəkənlərdə xərçəngə tutulma ehtimalı 20 dəfə çox olur.
Bunları əsas gətirən həkim-narkoloq siqareti tərgitməyin heç vaxt gec olmadığını bildirib. Zərərli vərdişdən yaxa qurtarmaq üçün “elektron siqaret”lərdən istifadəni məsləhət görməyən A.Kəngərli deyib ki, insanların 90%-i güclü iradə sayəsində siqareti tərgidə bilir. O vurğulayıb ki, siqareti müstəqil surətdə ata bilməyənlər həkim-narkoloqa müraciət edərək bu zərərli vərdişdən xilas ola bilər.