Niyə məzunlar tədris proqramına tam yiyələnə bilmir?

“Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi “Abituriyent” jurnalının 12-ci sayında əksini tapan məlumatlar cəmiyyətdə haqlı olaraq rezonansa səbəb olub, geniş müzakirələrə səbəb olub”.

 

Bunu “Sosium” proqramının qonağı, təhsil sahəsi üzrə ekspert Kamran Əsədov deyib. Onun sözlərinə görə, son illərdə ali məktəblərə sənəd verənlərin sayının azalması orta məktəb məzunlarının sayının azalması ilə bağlıdır.

 

2005-ci ildə I sinfə daxil olan şagirdlərin 7,5 faizinin ümumi orta təhsil almaması haqqında məlumata gəlincə, ekspert təhsildən yayınmanın danılmaz fakt olduğunu deyir: “Təhsildən daha çox qeydiyyatı olmayan, xaricə gedən, fiziki qüsuru olan şəxslər yayınır. Amma qanunvericilik onların təhsilin digər formalarından - evdə təhsil, fərdi təhsil yolu ilə təhsil almasına imkan verir. Bundan başqa, bəzi insanların işləməsi və  ali məktəbə qəbul olunmaq üçün repititor yanına getməsi də təhsildən yayınmanın başlıca səbəblərindəndir”. 

 

K.Əsədov ali məktəblərə qəbul olunan abituriyentlərin əksər hissəsi repititor yanında hazırlaşdığına görə müvəffəqiyyət qazandığını deyir: “Abituriyentlərin çox az hissəsi orta məktəblərdə əldə etdiyi bilik hesabına tələbə adını qazanır. Maksimum bal toplayanların mütləq əksəriyyəti xüsusi hazırlıq sayəsində bu uğura imza atıb. Təəssüf ki, diaqnostik qiymətləndirmədən keçən müəllimlərin bir qismi tədris etdiyi fənni şagirddən zəif bilir. Yəni, diaqnostik qiymətləndirmənin nəticələrinə görə, müəllimlərin 35%-nin təkmilləşməyə ehtiyacı var. Əgər müəllimin tədris etdiyi ifənnlə bağlı minimum biliyə sahib deyilsə, ondan yüksək nəticə gözləmək mümkün deyil”. 

 

2005-ci ildə I sinfə qəbul olan 123935 şagirdin 62 faizinin heç bir peşə və ixtisasa yiyələnmədiyini deyən ekspert təhsilin digər pillələrinə üstünlük verilməsini vacib sayır.

 

“Azərbaycanda əmək bazarının tələblərinə cavab verən kifayət qədər kadr var. Bunu ali məktəblərə qəbul imtahanlarının nəticələrindən də görmək olur. Lakin 2016-cı ildən dövlət qulluğuna qəbulun aparılmaması bu sahədə müəyyən işsizlər ordusunun şişməsinə gətirib çıxarır. Axırıncı dəfə 2016-cı ildə dövlət qulluğuna qəbul imtahanı keçirilib. Bundan sonra rəsmi şəkildə hər hansı dövlət qulluğuna qəbulun aparılmaması səbəbindən müəyyən qədər narazılıqlar yaranır”, - deyə K.Əsədov vurğulayıb.  

 

Ekspert bildirib ki, əgər 2010-cu ildə 110 min nəfər ali məktəbə sənəd veribsə, 2016-cı ildə bu göstərici 85 min nəfərə düşüb. K.Əsədov hesab edir ki, bu azalma təhsilə marağın aşağı düşməsi ilə bağlı deyil. “Son 5 il ərzində məzunlar arasında ali məktəbə sənəd verənlərin sayında artım qeydə alınıb. Bundan başqa, ali məktəblərə qəbul yerlərinin sayını müzakirə etsək, əgər 2010-cu ildə ali məktəblərə qəbul plan yeri 28 min idisə, son illərdə bu göstərici 34 minə yüksəlib. Ümumilikdə, Dövlət İmtahan Mərkəzi tərəfindən konkret buraxılış imtahanlarının nəticələri əsasındadır. Dünya Bankı və BMT-nin təqdim etdiyi statistik göstəricilərə görə, Azərbaycanda oxuyub-yazma bacarığına sahib insanların sayı 100% təşkil edir. Yəni, 15-24 yaşlarında olan insanların hər birinin oxuyub-yazma bacarığı var”.

 

K.Əsədov əlavə edib ki, son 3 ildə təhsil sahəsində çox ciddi islahatlar aparılıb: “Birdən- birə biz son 10 ildə yaranmış neqativ halı aradan qaldıra bilmərik”, - deyə K.Əsədov vurğulayıb.

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv