İslamiada zamanı ictimai nəqliyyatda hansı dəyişikliklər olacaq?
“IV İslam Həmrəyliyi Oyunları zamanı nəqliyyatın hərəkəti yüksək səviyyədə təmin ediləcək”.
Bunu “Sosium” proqramının qonağı, Bakı Nəqliyyat Agentliyi (BNA)İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib. Onun sözlərinə görə, IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi tərəfindən BNA-ya rəsmi açılış və bağlanış mərasimləri, eləcə də yarışların keçirildiyi günlərdə idmançılar və oyunları izləyəcək tamaşaçıların rahat və təhlükəsiz şəkildə idman arenalarına çatdırılması zamanı ictimai nəqliyyatın təşkili, tələbata uyğun sürücülərin ayrılması, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi və maarifləndirmə tədbirlərinin aparılması tapşırılıb.
M.Ağayev bildirib ki, atletlərin nəqliyyat tələbatının ödənilməsi üçün İslam Oyunları Əməliyyat Komitəsi tərəfindən 144 ədəd “Neoplan” və 20 ədəd “Sprinter” markalı avtobus alınıb: “"Ayrılmış 144 ədəd "Neoplan" və 20 ədəd "Sprinter" markalı avtobusların idarə edilməsi üçün 320 nəfər sürücünün cəlb edilməsi nəzərdə tutulub. Bu məqsədlə, sərnişindaşıma ilə məşğul olan daşıyıcıların müəyyən etdiyi 616 nəfərdən ibarət sürücünün siyahısı yoxlanılması üçün Əməliyyat Komitəsinə təqdim edilib. Sürücülərin siyahısı müvafiq strukturlar - Səhiyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti tərəfindən uyğunluğa dair yoxlamadan keçirilib. Yoxlamadan keçən 490 sürücü Sürücü Təlim Mərkəzində xüsusi təlimlərə cəlb edilib və lazımı sayda sürücü təlimi uğurla başa vurub”.
M.Ağayev əlavə edib ki, İslam Həmrəyliyi Oyunlarından sonra paytaxtda müntəzəm sərnişindaşıma ilə məşğul olan daşıyıcıların işə götürdüyü sürücülərin sertifikasiyasına başlanacaq. BNA rəsmisi qeyd edib ki, Sürücü Təlim Mərkəzinin sertifikatını ala bilməyən sürücülər ictimai nəqliyyatı idarəetmə hüququnu itirəcək.
M.Ağayev bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək atletlərin nəqliyyat üzrə tələbatının təmin edilməsi də əsas diqqət mərkəzindədir: “Həmin tədbirlər çərçivəsində atletlər üçün ayrıca nəqliyyat mərkəzinin yaradılması da nəzərdə tutulub. Bunun üçün Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinin ərazisi seçilib. Bu məqsədlə, Mərkəzin müvəqqəti fəaliyyət ərazisi kimi Milli Gimnastika Arenası ilə üzbəüz ərazi müəyyən edilib. Mərkəzdə piyadaların təhlükəsiz hərəkətinin və məlumatlandırma işlərinin əhəmiyyətini nəzərə alaraq, könüllülərin imkanlarından da geniş istifadə edilir. Oyunların müvafiq təhlükəsizlik səviyyəsinin təmin edilməsi məqsədilə, aidiyyəti qurumlar tərəfindən Bakı şəhərinin bəzi avtomobil yollarının müvəqqəti bağlanılması nəzərdə tutulub”.
M.Ağayev vurğulayıb ki, oyunların sınaq açılışı, açılış və bağlanış mərasimlərində müvafiq olaraq 23000, 30000 və 60000 nəfərin iştirakı gözlənilir ki, mərasimlər zamanı tamaşaçıların Bakı Olimpiya Stadionuna çatdırılması və mərasimlər bitdikdən sonra seçilmiş istiqamətlərə - Metronun "20 Yanvar", "Gənclik" və "Qara Qarayev" stansiyalarına çatdırılması üzrə 3 ekspress xəttin təşkil edilməsi məqsədilə 228 avtobus cəlb ediləcək: “Zərurət yaranacağı təqdirdə, ekspress xətlərə əlavə avtobusların buraxılması üçün 90 avtobus ehtiyat da olaraq saxlanılacaq. Bu istiqamət üzrə Bakı şəhərində sərnişindaşıma ilə məşğul olan daşıyıcılar tərəfindən müəyyən edilən avtobus və sürücülərin siyahısı yekunlaşdırılıb. 18 may tarixində Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən "Dalğa Arena" da keçiriləcək 2 futbol oyununda iştirak edəcək tamaşaçılar və digər şəxslərin daşınması üçün "Koroğlu" metrosu-"Dalğa" Arena istiqamətində ekspress xəttin fəaliyyəti təmin ediləcək.
Bundan başqa, oyunlar keçiriləcək bütün idman arenalarına tamaşaçıların, könüllülərin, işçi qüvvəsinin rahat şəkildə çatması məqsədilə, İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi və Agentlik arasında mütəmadi aparılan görüş və müzakirələrin nəticəsi olaraq Tədbirlər Planı işlənilib. Plana əsasən, Oyunlar zamanı bütün idman arenalarının ictimai nəqliyyat ilə təmin edilməsi üçün bir sıra avtobus xətlərinə dəyişikliklərin edilməsi, onların hərəkət cədvəllərinə düzəlişlərin edilməsi, zərurət olduğu istiqamətlərdə avtobusların sayının artırılması və digər məsələlərin həyata keçirilməsi nəzərdə tutulub. Qeyd edilən məsələlərlə bağlı müvafiq şərnişindaşıma şirkətlərinin rəhbərləri ilə mütəmadi görüşlər keçirilir və maarifləndirmə işləri aparılır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, 01-30 may 2017-ci il tarixlərində Əməliyyat Komitəsi tərəfindən akkreditasiya edilmiş sərnişinlərin (könüllülər, işçi qüvvəsi, media nümayəndələri və digər) Bakı şəhərinin şəhər daxili və şəhərətrafı marşrut xətlərindən ödənişsiz istifadəsi təmin ediləcək. Bu məqsədlə, İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tərəfindən təqdim edilmiş akkreditasiya kartlarının nümunələri müvafiq daşıyıcılara təqdim edilib, izahedici məlumatların verilməsi məqsədilə daşıyıcılarla ayrıca görüşlər keçirilib.