Bu il ərzində dolların məzənnəsi necə dəyişəcək?

“ABŞ Mərkəzi Bankının (FED) bu gün başa çatacaq pul siyasəti toplantısında faiz dərəcələrində dəyişikliklə bağlı qərar qəbul etməyəcəyi gözlənilir. Çünki, faiz dərəcələrini iki dəfə artıran FED indi ehtiyatlı davranır”.

Bunu “Sosium” proqramının qonağı, iqtisadçı-ekspert Cəfər İbrahimli deyib. Onun sözlərinə görə, qlobal maliyyə bazarları da uçot dərəcəsinin dəyişməyəcəyini gözləyir. C.İbrahimli bildirib ki, indi qlobal maliyyə bazarının iştirakçılarının diqqəti FED-in bu il uçot dərəcəsini neçə dəfə artıracağına yönəlib. İqtisadçı-ekspert bu il ərzində ABŞ Mərkəzi Bankının uçot dərəcəsini aşağı salma ehtimalının olmadığını düşünür: “FED müstəqil qurum olduğundan son iki ildə apardığı siyasəti Tramp administrasiyası dövründə də davam etdirir”.

C.İbrahimli hesab edir ki, FED uçot dərəcəsini artıracaq və qiyməti kağızlardan ibarət balansı azaldacaqsa, pul siyasətinin sərtləşməsi qaçılmaz olacaq: “2008-ci il dünya maliyyə böhranından sonra FED-in aktivləri kifayət qədər böyüyüb. FED artıq bazara verdiyi 4,5 trilyon dollarlıq likvidliyi geri almaq niyyətindədir. Bilirsiniz ki, FED böhrandan çıxmaq üçün həm korporotiv şirkətlərin, həm də dövlət istiqrazlarını alaraq bu şirkətlərə valyuta verib. Bu, tədavüldə dolların həcminin artmasına səbəb olub. İndi artıq FED uçot dərəcəsinə paralel olaraq  bu aktivləri azaltmaq niyyətindədir. Bu aktivləri azaltmaq qərarına gəldiyi təqdirdə FED əlindəki artıq likvid maliyyə alətlərini sataraq bazardan dolların bir hissəsini geri çəkəcək. Bu iki amil dünya maliyyə bazarlarının FED-in qərarına diqqət yönəltməyə məcbur edir”.

C.İbrahimli bildirib ki, qarşıdakı aylarda dolların dəyər qazanması yox, əks proses də müşahidə edilə bilər: “Dövriyyədə pul kütləsi çox olduğu üçün bu, müəyyən inflyasiya tendensiyaları yarada bilər. Bunun qarşısını almaq üçün FED iqtisadi aktivliyi azaltmaq istəyir. Əgər uzunmüddətli tendensiyada aktivlərinin bir hissəsini geri alacaqsa və bu, ABŞ iqtisadiyyatında böyümənin zəifləməsi, iqtisadi aktivliyin azalmasına səbəb olacaqsa, bu zaman dolların dəyərinin zəifləməsini gözləmək olar. İndiki tendensiyada FED iqtisadi aktivliyi aşağı salmamaq üçün daha ehtiyatlı siyasət yürüdür”.

C.İbrahimli əlavə edib ki, FED bu il ərzində uçot dərəcəsini iki dəfə artırması maliyyə bazarlarında çalxalanmaya səbəb olmayacaq. Onun sözlərinə görə, maliyyə bazarları FED-in uçot dərəcəsini 1,5%-ə qədər yüksələcəyini ehtimal edir. Mütəxəssisin fikrincə, bu il dolların digər valyutalar qarşısında ciddi hərəkətliliyi gözlənilmir.   

Azərbaycan Mərkəzi Bankının ötən gün keçirilmiş iclasında uçot dərəcəsinin sabit saxlanması barədə qərarına gəlincə, iqtisadçı-ekspert bu qərarı bazara mesaj kimi qəbul edir:“Bununla AMB uçot dərəcəsinin yaxın gələcəkdə artırılacağı ilə bağlı ehtimallara son qoyub və Azərbaycan manatının məzənnəsi ilə bağlı vəziyyətin sabitləşdiyini kommersiya banklarının nəzərinə çatdırıb. Məzənnə ilə bağlı qeyri-müəyyənlik olduğu üçün bir sıra banklar kreditləşməni dayandırıb və bərpa etməyə tələsmir. Çünki, onlar düşünürdülər ki, uçot dərəcəsi arta bilər.  Bu halda kreditlərin illik faiz dərəcəsi bundan da yüksək ola bilər. Uçot dərəcəsinin sabit saxlanması və AMB-də yerləşdirilən depozitlərin gəlirliliyinin azalması o deməkdir ki, qurum daha banklardan cəlb etdiyi vəsaitlərə görə yüksək divident ödəmək istəmir. Artıq banklar alternativ investisiya variantları axtarmalı, əsasən də kredit vermək barədə düşünməlidir”.

C.İbrahimli əlavə edib ki, bu il ərzində Azərbaycanda dolların məzənnəsində ciddi dəyişiklik gözlənilmir. 

Müəllif | Apa.Tv
Apa.tv