İpəkçiliyin inkişafı fermerlərə nə verəcək?
“Azərbaycanda ipəkçiliyin inkişafı üçün böyük potensial var və bu sahənin inkişafı böyük perspektivlər vəd edir”.
Bunu “Sosium” proqramının qonağı, ipəkçilik üzrə mütəxəssis Yavər Məmmədov deyib. Azərbaycanda ipəkçiliyin inkişafı üçün kifayət qədər ərazinin olduğunu deyən Y.Məmmədov bildirib ki, əhalinin, yerli fermerlərin bu sahəyə diqqətinin artması onların maddi rifah halının daha da yaxşılaşmasına gətirib çıxaracaq:“İndi baramanın bir kiloqramı 8 manata alır. Baramaçılıqla məşğul olanlar istehsal etdikləri məhsulu çox asanlıqla sata bilər. Ölkədə müxtəlif geyim və yaylıq istehsalı ilə məşğul olanlar ipək parçaların alınması üçün xaricə külli miqdarda vəsait köçürür. Əgər ölkədə barama istehsalı artsa, sahibkarlar xaricə deyil, yerli fermerlərə üz tutacaq. Bununla da barama istehsalını artıran şəxslərin gəlirləri artacaq. Hazır məhsul istehsal edib xarici bazarda satan sahibkarlar da gələcəkdə yerli feürmerlərin istehsal etdiyi xammalı yüksək qiymətə alacaq. Başqa sözlə, bu həm əhalinin gəlirlərinin artımına səbəb olacaq, həm də müəyyən sexlərin, istehsal sahələrinin formalaşdırılmasına səbəb olacaq. Bu əslində biznes sahəsidir. Biznesmenlər buna maraq göstərməlidirlər”.
Y.Məmmədov bildirib ki, dünya bazarında ipəkçilik məhsullarına böyük tələbat var. Onun fikrincə, barama istehsalının artması ölkədə hazır məhsulun istehsalını stimullaşdıracaq, yeni müəssisələrin yaranmasına səbəb olacaq. Bir sözlə, baramaçılığın inkişafı nəticəsində ölkədə tekstil sənayesi canlanacaq: “Bilirsiniz ki, hazır məhsulların çox böyük çeşidləri var. Bu gün dünya bazarında ipək məhsulları çox baha qiymətə satılır. Elə yaylıqlar var ki, çəkisi 50 qram olsa da dünya bazarında 500-600 avroya satılır. Prezident və birinci xanımın iş adamları ilə görüşlərində “Made in Azerbaijan” brendinin formalaşması, idxalın ixracla əvəz olunması, rəqabət yönümlü ixracat məhsullarının hazırlanması, Azərbaycanın valyuta axınının təmin olunması və Azərbaycan məhsulları vasitəsilə dünyada tanıdılması məsələsi ortaya qoyuldu. Hesab edirəm ki, biz İtaliya istehsalını Azərbaycanda tam rahat qura bilərik. Bunun üçün sahibkarlar investisiya yatırmalıdır”.
Y.Məmmədov hesab edir ki, bu investisiya 3-5 ilə özünü doğruldacaq. Üstəlik, baramaçılığın inkişafı yeni iş yerlərinin açılmasına səbəb olacaq. “Mən demirəm ki, bu investisiya 1-2 ilə özünü doğruldacaq. Bu uzunmüddətli bir proses olacaq. Çünki burada Azərbaycan brendinin formalaşması, onun dünyada tanıdılması, Azərbaycan rəssamları, dizaynerlərinin əsərlərinin həmin yaylıqlar üzərinə köçürülməsi və yüksək keyfiyyətli, dünya rəqabətli, dünya bazarlarına çıxa biləcək səviyyədə hazırlanması uzun vaxt aparacaq. Sadə dildə desək, Azərbaycan baraması niyə hansısa ölkədə məşhur brendin istehsalı üçün xammal olmalıdır? Azərbaycana məxsus bir brend yaradılsa, onun dünyanın məşhur televiziya kanallarında reklamı getsə, dünyadakı ticarət mərkəzlərində butikləri açılsa, Azərbaycan məhsuluna tələbat artacaq. Bu məhsulları alan əcnəbi ilk olaraq “Made in Azerbaijan” adını çəkəcək və Azərbaycanla bağlı məlumata yiyələnəcək”.