Hansı abituriyentlər ikinci dəfə qəbul imtahanında iştirak edə bilməz?

“Ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarının bu ildən etibarən iki dəfə keçirilməsi abituriyentlər üçün yeni imkan yaradır”

 

Bunu "Sosium" proqramının qonağı, Dövlət İmtahan Mərkəzinin (DİM) orta təhsil üzrə sektor müdiri Murad Əliyev deyib. Onun sözlərinə görə, psixoloji gərginlik və həyəcan səbəbindən uğurlu nəticə əldə edə bilməyən abituriyentlər qəbul imtahanında ikinci dəfə iştirak etməklə öz arzularına çata bilər: “Məktəbəqədər təhsili də nəzərə alsaq, 13-14 illik tədris prosesinin nəticəsində abituriyentlər 3 saatlıq imtahanda iştirak edir. Bəzi şagirdlər müəyyən səbəblərdən imtahanda uğursuz nəticə göstərə bilər. Bu cür halların qarşısını almaq və abituriyentlərin seçim imkanlarının artırılması üçün qəbul imtahanlarının iki dəfə keçirilməsi qərara alınıb. Hansı ildə məzun olmasından asılı olmayaraq bütün abituriyentlər həm birinci, həm də ikinci imtahanda iştirak edə bilər. Birinci imtahan artıq başa çatıb. Bəzi abituriyentlər elektron ərizələrində yalnız yayda imtahanda iştirak edəcəyini, bəziləri isə hər iki imtahanda iştirak etmək niyyətində olduqlarını göstərmişdi. Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə ərizə qəbulu zamanı elektron ərizələrində I, II, III və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının birincisində iştirak etmək istədiyini qeyd etmiş abituriyentlər ikinci imtahanda da iştirak etmək istədikləri halda mayın 4-dən 22-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə yenidən qeydiyyatdan keçməlidirlər”.

 

Hər iki imtahanda iştirak etməyin məcburi olmadığını deyən M.Əliyev əlavə edib ki, birinci imtahanda iştirak dövlət tərəfindən maliyyələşdirilir. “Amma imtahanda ikinci dəfə iştirak edənlər müəyyən edilmiş rüsumu, yəni 40 manatı ödəməlidir”.

 

DİM rəsmisi qeyd edib ki, hər iki imtahanda iştirak etmiş abituriyent əldə etdiyi nəticələrdən birini özü seçməklə müsabiqədə iştirak edə bilər. Sektor müdiri bildirib ki, I-IV, eləcə də V ixtisas qrupları üzrə imtahanlar iyul ayında keçiriləcək.

 

Onun sözlərinə görə, iyunun 11-də Azərbaycan dili fənni üzrə test imtahanının II mərhələsi keçiriləcək: “Aprelin 9-da ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili fənni üzrə ilk imtahanı keçirilib. Aprelin 1-dən 10-dək elektron ərizəsini təsdiq edən, eləcə də aprelin 9-da keçirilən imtahanda “qeyri-məqbul” qiymət alan və ya müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər iyunun 11-də keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər. Lakin 11 iyunda keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında “qeyri məqbul” qiymət alacaqları təqdirdə onlara ixtisas seçimində iştirak etməyə icazə verilməyəcək”.

 

Yeri gəlmişkən, M.Əliyev vurğulayıb ki, birinci qəbul imtahanından kənarlaşdırılmış abituriyentlərin ikinci dəfə imtahanda iştirakına icazə verilməyəcək.  

 

Qeyd edək ki, 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanında 35434 nəfər imtahanda iştirak edib. Onlardan 18683 abituriyent II qrup üzrə, 16751 abituriyent III qrup üzrə imtahan verib. Abituriyentlərdən 32090 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 16614, III qrup üzrə 15476 nəfər), 3344 nəfəri isə rus bölməsinin (II qrup üzrə 2069, III qrup üzrə 1275 nəfər) məzunudur.

 

I və IV qrup üzrə imtahanda 30239 abituriyent iştirak edib. Onlardan 25612 abituriyent I qrup üzrə, 4627 abituriyent IV qrup üzrə imtahan verib. Abituriyentlərdən 27353 nəfəri Azərbaycan bölməsinin (I qrup üzrə 23266, IV qrup üzrə 4087 nəfər), 2886 nəfəri isə rus bölməsinin (I qrup üzrə 2346, IV qrup üzrə 540 nəfər) məzunudur. 21404 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 5949 nəfər əvvəlki illərin məzunlarıdır.  

Müəllif | Apa.Tv
Apa.tv