Yaşlı insanlar niyə intihar edir? – EKSPERT RƏYİ

“Yaşlı insanlar daha çox diqqətsizlikdən, özlərini artıq dəyərsiz hesab etdiklərinə görə intihar edirlər. Cəmiyyətdə yaşlılara olan diqqət artmalıdır”. Bu fikirləri APA TV-də efirə gedən "Sosium" verilişinin qonağı olan psixoloq Təhminə Çələbi deyib.

 

Son zamanlar yaşlı insanlar arasında intihar hallarının və qətllərin artmasına münasibət bildirən psixoloq hesab edir ki, yaş keçdikcə insanlarda psixoloji dəyişikliyin baş verir: “Bu səbəbdən də  onlara qarşı xüsusi münasibətin olması labüddür. Bəzən deyirlər ki, insanlar yaşlaşdıqca sanki uşaqlaşır. Doğrudan da, bu belədir. Onlar daha çox nəvaziş görmək, sevilmək istəyir. Əgər övladlar ona qarşı diqqət göstərmirlərsə, onlarda tənhalıq sindromu yarana bilər. Yaşlılar özlərini artıq lazımsız, dəyərsiz, yararsız hesab etməyə başlayır və bu da son nəticədə intiharlara gətirib çıxarır".

 

Psixoloq bu yaxınlarda Astarada 72 yaşlı qadının 83 yaşlı əri tərəfindən əvvəlcə bıçaqlanması, sonra isə güllələnərək öldürülməsi, bundan sonra həmin kişinin özünü öldürməsi faktının birbaşa psixoloji amillərlə bağlı olduğunu bildirib: "Yaşlı, həyat təcrübəsi olan ahıl şəxs belə hadisələri daha çox psixoloji gərginlik anında törədə bilər. Bundan əlavə, bir çox insanlar üçün gülməli səslənsə belə, bu yaş dövründə qısqanclıq da faciə yarada bilər. Qısqanclıq səviyyəsi patologiya həddinə çatıbsa, yaş dövründən asılı olmayaraq təhlükə qaçılmazdır".

 

Psixoloq hesab edir ki, əslində belə hadisələr yaşlı insanlar arasında nadir hallarda baş verir. Statistikaya görə, ailə münaqişəsi zəmində kriminal hadisələr daha çox gənc ailələrdə baş verir: "Yeni qurulmuş ailələrdə ilk 2 ildən 5 ilə qədər adaptasiya dövrü yaşanır. İki “mən” birləşərək “biz” olur. Adaptasiya düzgün getməyəndə stress yaranır. İşə böyüklər də qarışanda böyük münaqişələr baş verir".

 

Psixoloqun sözlərinə görə, araşdırmalar sübut edir ki, intiharlar əsasən gənclər, xüsusilə də yeniyetmələr arasında daha çox baş verir: "Yeniyetməlik ən təhlükəli yaş dövrüdür. Çünki həmin yaş dövrünü yaşayanlar hadisələrin təsiri altına tez düşürlər. Bəzən intiharı xüsusi qəhrəmanlıq zənn edirlər, məsələn sevgisi uğuruna intihar etmək kimi. Bəzən valideynlərini qorxutmaq və ya öz şəxsiyyətini isbat etmək üçün də yeniyetmələr intihara əl atırlar. Bu səbəbdən də valideynlər diqqətli olmalıdırlar".

 

Müəllif | Apa.Tv