İslamiadanın Azərbaycanda turizmin inkişafına faydası nə olacaq?
“Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə bağlı ölkəyə gələn turistlərin sayı kəskin artıb. İslamiada ilə əlaqədar İran, Türkiyə, İndoneziya, Malaziyadan gələn turistlərin sayı daha çoxdur”.
Bu fikirləri “Sosium” proqramının qonağı, Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının prezidenti, turizm sahəsi üzrə beynəlxalq ekspert Ruslan Quliyev deyib. Onun sözlərinə görə, son illərdə turizm sahəsində görülən işlərin nəticəsində Azərbaycana müsəlman ölkələrindən gələn turistlərin sayının təxminən 40 dəfə artmasına səbəb olub: “Dünyada keçirilən sərgilərdə iştirak etmək o qədər də effekt vermirdi. Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi, canlı təmas artıq ölkəmizin turistlər üçün cəlbedici ölkəyə çevrilməsinə səbəb olub. Bu gün Azərbaycan turistlər üçün “sabit ada” statusuna malikdir. İndi əsas məqsədlərdən biri Bakı və regionların turizm potensialını maksimum səviyyədə nümayiş etdirməkdən ibarətdir”.
İyunun 23-25-də “Formula 1” yarışının keçiriləcəyini deyən R.Quliyev bildirib ki, bu tədbir zamanı da ölkəyə çoxsaylı turistlərin gələcəyi gözlənilir. Turizm sahəsi üzrə ekspert hesab edir ki, 2017-ci il Azərbaycana rekord sayda turistlərin gəldiyi il kimi yadda qalacaq.
R. Quliyevin fikrincə, İslamiada ölkəmizin dünyada daha çox tanınmasına və gələcəkdə ölkəmizə daha çox turist gəlməsinə rəvac verəcək: “Əgər 4 qitədən 54 ölkədən nümayəndələr iştirak edirsə, bu, gələcəkdə Azərbaycan üçün potensial turist deməkdir. İndi İslamiadada iştirak edən iştirakçılar, onların ailə üzvləri üçün Azərbaycan xoş xatirələrlə yadda qalacaq. Düşünürük ki, bu yarışdan sonra onların Bakı ilə bağlı çox möhtəşəm xatirələri olacaq və onlar yenidən Azərbaycana səfər etməkdə maraqlı olacaq”, - deyə R.Quliyev vurğulayıb.