Milli Turizm Təbliğat Bürosu Azərbaycana turist cəlb etmək üçün hansı işləri görür?
“IV İslam Həmrəylik Oyunları çərçivəsində Milli Turizm Təbliğatı Bürosu Atletlər kəndində, oyunların media mərkəzində və Sabir bağında bir sıra mədəni tədbirlər təşkil edib. İndiyədək İslamiadada iştirak edən İran, İndoneziya və Malaziyanın mədəniyyət günləri keçirilib. Məqsəd İslam Həmrəyliyi Oyunlarında iştirak edən ölkələrin, eləcə də Azərbaycanın mədəniyyətini əhali və şəhərimizin qonaqlarına tanıtmaqdan ibarətdir”.
Bu fikirləri “Sosium” proqramının qonağı, Milli Turizm Təbliğatı Bürosunun mətbuat katibi Kənan Quluzadə deyib. Onun sözlərinə görə, mayın 20-21-də Türkiyənin mədəniyyət günləri keçiriləcək: “Bu mədəniyyət günü çox möhtəşəm olacaq. Belə ki, İstanbul və Bursadan 100-dən çox rəqqas, ifaçı və digər mədəniyyət-incəsənət nümayəndələri gələcək. Səhər saat 10-dan başlayaraq Sabir bağında axşam saat 22:00-a qədər Türkiyənin mədəniyyəti nümayiş olunacaq. Məqsəd turizmin təbliği ilə yanaşı, İslam dünyasının sülhməramlı olmasını, rəngarəngliyi nümayiş etdirməkdən ibarətdir. Bir sözlə, İslamiada İslam həmrəyliyinin nümayişidir”.
K. Quluzadə bildirib ki, İslamiada ilə əlaqədar Milli Turizm Təbliğatı Bürosu təbliğat işlərini gücləndirib. O qeyd edib ki, idmançılar, qonaqlar üçün müxtəlif turizm marşrutları təşkil edilib.
Milli Turizm Təbliğatı Bürosunun 365 gün ərzində gərgin çalışacağını deyən K.Quluzadə təmsil etdiyi publik hüquqi şəxs ilboyu müxtəlif layihələr həyata keçirəcək: “Azərbaycana daha çox turist cəlb etmək üçün ölkədə müxtəlif festivalların keçirilməsi planlaşdırılır. Məsələn, Azərbaycanda rok, pivə və digər festivalların keçirilməsi, açıq səma altında tanınmış ifaçıların konsertinin təşkil olunması, bir sözlə Azərbaycanın mədəniyyətini, milli adət-ənənəsini təbliğ edən təbirlər təşkil olunacaq”.
Onun sözlərinə görə, ümumi tələb xüsusiyyətlərini və turist seqmentlərini müəyyən etmək məqsədilə Milli Turizm Təbliğatı Bürosu hədəf ölkə qruplarında potensial turistlərlə və Azərbaycana səfər edən digər turistlərlə əlaqədar tədqiqatlar aparacaq: “Artan turist maraqlarının təhlili həyata keçirilməklə qarşıya qoyulan məqsədlərə nail olmaq məqsədilə yeni bazar iştirakçıları və turistlər üçün ən yaxşı turizm məkanlarından birinə çevrilməsi istiqamətində Bakının mövqeyi daha da yaxşılaşdırılacaq. Yaxın 3-4 ildə ölkəyə gələn turistlərin sayının artırılmasına nail olmaq niyyətindəyik”.
K.Quluzadə vurğulayıb ki, Milli Turizm Təbliğat Bürosunun nəzdində şəhər büroları təsis ediləcək. Bürolar daha çox yerli və xarici turistlərin cəlb edilməsinə və onların Azərbaycana olan səfərlərinin tezliyinin artırılmasına kömək edəcək. Bu bürolar turistlər və səyahətlər haqqında məlumat bazasının yaradılmasını və idarə edilməsini də təmin edəcək. Bakı şəhəri ilə yanaşı, rayon və şəhərlərin də turizm təqvimi də yaradılacaq.