Niyə bəzi hallarda ailə münaqişəsi intihara gətirib çıxarır?
“Bütün problemlərin həlli üçün alternativ yollar var. İntihar etmək problemdən çıxış yolu deyil. Bəzi insanların intihara meyl etməsi uşaqlıqda düzgün təlim-tərbiyə almamasının nəticəsidir”.
Bu fikirləri Sosium” proqramının qonağı, psixoloq Səbinə Bayramova deyib. Psixoloq hesab edir ki, insanların problem və çətinliklərin həlli üçün düzgün yolları seçmə bacarıq və vərdişlərinin formalaşdırılması onun uşaqlıqda aldığı tərbiyədən asılıdır: “Uşaqların təlim-tərbiyəsi ilk növbədə ailədən başlayır. Sonra cəmiyyət və özünü tərbiyə üsulları sağlam şəxsiyyətin yetişməsində mühüm rol oynayır. Bu amillərə fikir verilməyəndə insan affekt vəziyyətə düşür. Bu zaman intihar etmək istəyən şəxs ancaq ölümü düşünür”.
“Sosium” proqramının qonağı, Aygün Cəfərova qeyd edib ki, intihar edən və ya intihara cəhd edən şəxs mütləq əvvəlcə öz etirazını öz yaxınlarına bildirir: “Sadəcə olaraq ailə üzvləri, yaxınlarından dayaq tapa bilməyəndə bəzi insanlar özünə qapanır. Özünə qapanan insan isə çıxış yolu tapa bilmir. Affekt vəziyyətində olan insan qeyri-adekvat fikirləşir və hərəkət edir”.
Bunları əsas gətirən psixoloq hesab edir ki, intihar halının baş verməməsi üçün ailənin üzərinə böyük məsuliyyət düşür. A.Cəfərova əlavə edib ki, bəzi insanların yaxınlarının probleminə etinasız yanaşması sonda xoşagəlməz hadisələrə səbəb olur. “Bəzi insanlar yaxınlarının üzlədiyi çətinliklərə problem kimi baxmır. Amma bu halda mütləq psixoloqa müraciət etmək və vəziyyətdən çıxmaq üçün mütəxəssis məsləhətindən yararlanmaq lazımdır”.
Psixoloqlar S.Şərifovanın intihar zamanı ətrafdakı insanların laqeyidliyindən də şikayətlənir. “Çox təəssüf ki, mayın 15-də 1986-cı il təvəllüdlü Susana Şərifova Nəsimi rayonunda yaşadığı mənzilin eyvanından özünü ataraq intihar edərkən ətrafdakı insanlar ona kömək etməyib. Halbuki ona yardım etmək və bir insanın həyatını xilas etmək mümkün idi. İnsanların intihar edən şəxsə yardım etməkdənsə, bu hadisəni lentə almağa üstünlük verməsi çox acınacaqlı bir haldır”, - deyə A.Cəfərova vurğulayıb.
Psixoloq hesab edir ki, bu hadisə digər insanların həyatının ətrafdakı bəzi insanlar üçün önəmli olmadığını sübut edir: “İndi insanlar texnologiyaya, reklama daha çox maraq göstərirlər. İntihar edən şəxsə kömək etməyi düşünməmək əslində çox acınacaqlı bir haldır. Görüntüləri izləyəndə məlum olur ki, S.Şərifovaya yardım etmək üçün imkanlar olub. Görünür ki, bəzi insanlarda dəyərlər sistemi artıq pozulub. İnsan həyatı bəzi insanlar üçün o qədər adiləşib ki, onlar intihar edən şəxsin ölə biləcəyini belə düşünməyiblər. Əgər insanlar başqalarının həyatına dəyər vermirsə, deməli, onlar öz həyatlarına da dəyər vermir”.
Psixoloqlar hesab edir ki, insanların intihara çıxış yolu kimi baxmaması üçün maarifləndirmə işləri aparılmalı və bu işdə cəmiyyətin bütün təbəqələri fəal iştirak etməlidir.