Güzəştli mənzilləri kimlər ala bilər və bunun üçün hansı sənədlər tələb olunur?

Mayın 30-dan istifadəyə verilmiş “Güzəştli mənzil” elektron sistemi vasitəsilə iyunun 4-nə qədər ümumilikdə 2400 müraciət qəbul olunaraq qeydiyyata alınıb.

Bunu Mənzil İnşaatı Dövlət Agentliyinin aparat rəhbəri Anar Quliyev deyib. Onun sözlərinə görə, müraciətə onun qeydiyyata alındığı gündən 5 iş günü ərzində baxılır. 6 gün ərzində qeydiyyata alınmış 2400 müraciətdən 865 vətəndaşın müraciəti artıq cavablandırılıb: “Belə ki, 790 nəfərin güzəştlə mənzil əldə etmək hüququ təsdiqlənərək hər birinin şəxsi elektron kabinetinin yaradılması təmin edilib, bəzi şəxslərin sənədlərinin natamam şəkildə təqdim olunması səbəbindən sənədlərdəki çatışmazlıqların aradan qaldırılması zərurəti ilə bağlı onlara bildiriş göndərilib, 20 nəfərin müvafiq kateqoriyaya uyğun olmaması müəyyənləşdirilərək bu barədə bildiriş göndərilib. Digər müraciətlər isə araşdırılır”.

 

Qeyd edək ki, “güzəştli mənzil” sistemi www.e-gov.az ünvanında yerləşən “Elektron hökumət” portalında yaradılıb. Güzəştli mənzilin əldə edilməsi üçün müraciət gücləndirilmiş elektron imza vasitəsilə mümkündür. Vətəndaşlar Elektron İmzanı (www.e-imza.az) və ya Asan İmzanı (www.asanimza.az) müvafiq olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Məlumat Hesablama Mərkəzindən və ya “ASAN xidmət” mərkəzlərindən əldə edə bilərlər.

 

Müvafiq elektron imzaya malik olan və tələb olunan sənədləri əvvəlcədən hazırlamış vətəndaşların “Elektron hökumət” portalı vasitəsilə birbaşa müraciəti əlavə vaxt itkisinin qarşısını alır və cəmi bir neçə dəqiqə ərzində tamamlana bilər.

 

Sistemdən istifadə ilə bağlı ətraflı video təlimatla, habelə güzəştli mənzil almaq hüququna malik şəxslərin kateqoriyaları və hər bir kateqoriya üzrə təqdim edilməli sənədlərin siyahısı ilə www.mida.gov.az və ya www.mida.az “internet-saytları”nın ana səhifəsində yerləşən “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür. Saytın bu bölməsində “Elektron hökumət” portalında yerləşən “Güzəştli mənzil” sisteminə daxil olmaq üçün keçid də təqdim olunub. Bununla belə, “Güzəştli mənzil” elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq və müraciətlərin sistemdə qeydiyyata alınmasında vətəndaşlara köməklik göstərmək məqsədilə onlara Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı “ASAN xidmət” mərkəzlərində və Sumqayıt “ASAN xidmət” mərkəzində müvafiq xidmət göstərilir.

 

A.Quliyev xatırladıb ki, vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ilk mənzillər Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi Avtomobil yolunun kənarında yerləşən və sahəsi 11,6 hektar təşkil edən ərazidə inşa olunur. “29 yaşayış kompleksindən ibarət olacaq bu şəhərcikdə artıq 16 bina inşa olunur. Yasamal rayonunda şəhərcikdə yerləşən ilk bina 2018-ci ildə istifadəyə veriləcək. Bakıda mənzilə ehtiyacı olanların sayının çox olması nəzərə alınaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində daha bir yaşayış kompleksinin inşası üçün 20 hektar torpaq sahəsi "MİDA" MMC-nin sərəncamına verilib. Hazırda yaşayış kompleksinin inşa olunması üçün layihələndirmə işləri aparılır”, -A.Quliyev vurğulayıb.   

 

 

MİDA rəsmisi bildirib ki, sosial mənzillərin satış qiyməti həmin ərazidə orta bazar qiymətindən aşağı olacaq. Bundan başqa, sosial mənzili almaq hüququ olan insanlara güzəştli kredit götürmək imkanı yaradılacaq: “Bununla yanaşı, mənzillər tam təmirli və mətbəx mebeli ilə təmin olunmuş vəziyyətdə təhvil veriləcək. Mənzilin bir kvadratmetrinin qiyməti satışa çıxarılandan sonra bəlli olacaq. Hazırda ilkin ehtimallara görə, vətəndaş ən uzun müddətə, yəni 30 illik kreditlə mənzil alacaqsa 1 otaqlı mənzil üçün aylıq ödəniş təxminən 130-150 manat, 3 otaqlı mənzillər üçün 350 manat olacaq. Əsas odur ki, vətəndaşın ödəyəcəyi aylıq məbləğ həmin ərazidəki kirayə haqqından baha olmayacaq. Qaydalara əsasən, mənzil sahibi olmaq istəyənlər ilkin ödəniş kimi mənzilin dəyərinin 10%-ni ödəməlidir”.

 

A.Quliyev vurğulayıb ki, mənzil satışı ilə bağlı qeydiyyatdan keçmiş hər bir şəxsin elektron kabinetinə bildirişlər göndəriləcək. Mənzillər satışı ilə bağlı elan isə ən azı 30 gün əvvəldən verəcək. Aparat rəhbəri qeyd edib ki, vətəndaş virtual olaraq inşa olunan yaşayış kompleksi ilə tanış ola biləcək.

 

“Güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların müraciətlərinin qəbulu davamlı prosesdir. Vətəndaşın hansı tarixdə müraciət edəcəyindən asılı olmayaraq, elektron kabinetə sahib olmuş bütün şəxslər gələcəkdə mənzil seçimində bərabər hüquqa malik olacaqlar. Təyin olunmuş satış günündə təklif olunan mənzillərə ilk olaraq seçən şəxslər üstünlük hüququ qazanacaq”, - deyə A. Quliyev vurğulayıb.  

 

 

Müəllif | Apa.Tv
Apa.tv