Qadağan olunmuş çimərliklər hansı xəstəliklərə səbəb ola bilər?
“Qaradağ rayonu Sahil qəsəbəsinin “Sahil” və Səbail rayonunun “Şıx” çimərliklərindən başqa Binəqədi, Xəzər, Sabunçu və Suraxanıdakı ərazilər çimərlik kimi istifadəyə yararlıdır”.
Bunu "Sosium" proqramının qonağı, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya-gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımov deyib. Dəniz sularında monitorinqlərə may ayının 16-dan başlandığını deyən Z.Kazımov bildirib ki, adı çəkilən iki çimərlikdə “Sahil” və “Şıx” çimərliyinin yerləşdiyi ərazilərdən götürülən nümunələrdə bağırsaq çöpləri həddən artıq çoxdur. Buna görə də sözügedən Çimərliklərlə əlaqədar 2010-cu ildə qəbul olunan 83 saylı qərar qüvvədə saxlanılıb: “Dəniz suyu nümunələrinin monitorinqinin nəticələrinə görə, Abşeron yarımadasında Səbail rayonunun Şıx çimərliyi və Qaradağ rayonunun Sahil çimərliyi çimmək üçün yararsız hesab olunub. İki rayonun ərazisindən götürülən nümunələrdə bağırsaq çöpləri həddən artıq çoxdur. Buna görə həmin ərazilərdə vətəndaşların çimməsi məqsədəuyğun sayılmır”.
Mərkəz rəsmisi vurğulayıb ki, xəbərdarlıqlara məhəl qoymayaraq yararsız çimərliklərdən istifadə edən bəzi şəxslərdə mədə-bağırsaq xəstəliklərinin yaranması qaçılmazdır. Onun fikrincə, qadağan edilmiş çimərliklərdə yoluxucu xəstəliklər ola bilər. Bunu əsas gətirən şöbə müdiri istirahət üçün yararlı çimərliklərdən istifadə etməyi tövsiyə edir: " 4 inzibati rayonun ərazisində yerləşən çimərliklərə gəlincə, bunlar əsasən Binəqədi, Xəzər, Sabunçu və Suraxanı rayonlarının ərazisidir ki, burda vətəndaşlar tam səmərəli istirahət edə bilərlər. Respublika ərazisinə gəlincə isə, qeyd edə bilərəm ki, şimal və cənub rayonlarında da çimərliklər mövcuddur. Həmin ərazilərdən də götürülmüş dəniz suyu tam bakterioloji-toksikoloji göstəricilərinə görə standartlara cavab verir".
Bundan başqa, o, çimərliklərdə tez xarab olan məhsullardan istifadəni məqsədəuyğun saymır.
Şöbə müdiri bildirib ki, oktyabrın 1-dək hər 15 gündən bir aparılacaq monitorinqlər Bakı və Abşeron, Azərbaycanın cənub və şimalında yerləşən bütün çimərlikləri əhatə edəcək. Bu zaman çimərliklərdə dəniz suyunun laborator müayinələr aparılacaq, kimyəvi, bakterioloji, radioloji və toksikoloji analizlərdən keçiriləcək. Laborator analizlərin nəticələrinə əsasən çimərliklərin hansının istifadəyə yararlı olub-olmadığına qərar veriləcək.