Sumqayıtda uşaqlar arasında kütləvi xəstələnməyə nə səbəb olub?
“İyunun 7-də Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yaşayan uşaq əhalisi arasında mədə-bağırsaq infeksiyasının baş verməsi ilə əlaqədar dərhal operativ qərargah yaradılıb, Səhiyyə Nazirliyi və Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən əks-epidemik tədbirlər həyata keçirilməyə başlanıb”.
Bu fikirləri "Sosium" proqramının qonağı Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya-gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımov deyib. Onun sözlərinə görə, dörd gün ərzində H.Z.Tağıyev qəsəbəsindən 136 uşaqda infeksiya ehtimalı ilə əlaqədar Sumqayıt Şəhər 1 saylı Yoluxucu xəstəxananın qəbul şöbəsinə müraciət daxil olub. Onlarda əsasən baş ağrısı, ürək bulanma, qusma, halsızlıq müşahidə olunub: “Eyni zamanda, ətraf qəsəbələrdən 17 nəfər, Sumqayıt şəhərinin özündən isə 72 nəfər xəstəxanaya müraciət edib. Hazırda 46 uşağın stasionar müalicəsi davam edir, vəziyyətləri kafidir və yaxın vaxtlarda evə yazılacaq. İnfeksiya baş verən ərazidə profilaktik tədbirlər əhali arasında sanitariya müalicə işləri davam etdirilir”.
Z.Kazımov bildirib ki, uşaqların qusma materiallarından, kal analizləri laborator müayinələrə götürülüb, eləcə də həmin ərazidə içməli sudan nümunələr götürülüb. Şöbə müdiri qeyd edib ki, uşaqlardan götürülmüş nümunələrin laborator müayinəsində xəstələrdə “Rotavirus” infeksiyası aşkar edilib: “Yayılma yolunun əsasən su olduğunu nəzərə alaraq infeksiyanın baş verməsinə səbəb paylayıcı su şəbəkəsi ehtimal olunur. Qeyd olunanlarla əlaqədar suyun təmizlənməsi, zərərsizləşdirilməsi tədbirləri ciddi nəzarət götürülüb. Aparılan labotaror müayinələrin sayı artırılıb. Hazırda suyun tərkibi dövlət standartlarının tələblərinə cavab verir. Bu işlər bu gün də davam etdirilir”.
Mərkəz rəsmisi burğulayıb ki, son hadisə ilə əlaqədar əhali arasında sanitariya-müalicə tədbirləri həyata keçirilir, çiy sudan istifadə etməmək, meyvə-tərəvəzlərin çiy su ilə yuyulmaması, şəxsi gigiyena qaydalarına əməl olunması barədə sanitar-epidemik maarifləndirmə tədbirləri aparılır.
"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidməti şöbəsinin rəhbəri Anar Cəbrayıllı isə bildirib ki, hadisənin baş verməsi barədə məlumat daxil olduqdan sonra dövlət müəssisəsinin ekspertləri hadisə yerinə cəlb olunub və araşdırmalara başlayıb: "Hadisənin baş verdiyi Zeynalabdin Tağıyev qəsəbəsi və ətraf ərazilərdən bir neçə nümunə götürülüb. İlkin araşdırmalar suyun tərkibində heç bir dəyişikliyin olmadığını, mayenin norma və standartlara cavab verdiyini üzə çıxarıb. İyunun 10-da bakterioloji təhlillər göstərdi ki, suyun keyfiyyəti tam qənaətbəxşdir, heç bir kənarlaşma yoxdur. “Azərsu” bütün su mənbələrində, magistral xətlərdə, mərkəzi nasosxana və anbar komplekslərində, eləcə də şəbəkənin digər ünvanlarında suyun keyfiyyəti daim yoxlanılır. “Azərsu” suyu daim xlorla dezinfeksiya edilir. Xlor bütün bakteriyaları məhv edir. Diqqətinizə onu da çatdırım ki, iyunun 6-dan 10-na kimi “Azərsu”ya suyun keyfiyyəti ilə bağlı heç bir şikayət daxil olmayıb. Yalnız iyunun 10-da 955 zəng mərkəzinə suyun keyfiyyəti ilə bağlı Sumqayıtdan iki müraciət daxil olub. Bu şikayətlər də öz əsasını tapmayıb və suyun keyfiyyətinin dövlət standartlarına uyğun olduğu məlum olub".
A.Cəbrayıllı uşaqlar arasında kütləvi şəkildə “Rotavirus” infeksiyasının içməli su vasitəsi ilə yayılması fikrini qəbul etmir: “H.Z.Tağıyev qəsəbəsində insanların daha çox şikayət etdiyi əraziyə yaxın iki bağça yerləşir. Bu bağçalarda uşaqlar arasında xəstəliyə yoluxma halı qeydə alınmayıb. “Rotavirus” infeksiyası yalnız su yolu ilə yayılmır. Bu xəstəlik gigiyena qaydalarına əməl edilmədikdə, meyvələri yumadan istifadə etdikdə, hətta hava-damcı yolu ilə də yayıla bilər. Bu gün H.Z.Tağıyev qəsəbəsini qidalandıran su xətləri təxminən 500 minə yaxın insana xidmət edir. Sumqayıt, Xırdalan şəhərlərinin bir hissəsi, Müşfiqabad qəsəbəsi, Sulutəpə qəsəbəsinin bir hissəsi, Bakı şəhərinin Binəqədi, Nərimanov, Yasamal, Nəsimi rayonunun bir hissəsinə bu mənbədən su verilir. Əgər su çirki olsaydı, bütün bu ərazilərdə bu hallar müşahidə edilərdi. Son günlər havaların istiləşməsi, meyvə və giləmeyvə mövsümünün başlaması səbəbindən də bu xəstəlik yayıla bilər. Bilirsiniz ki, giləmeyvələrin yetişdirilməsində kimyəvi maddələrdən də istifadə olunur ki, bu amillər də kütləvi xəstələnməyə səbəb ola bilər. “Azərsu” ASC olaraq bir daha bəyan edirik ki, bu xəstəliyin su ilə yayılması fikrinin əsası yoxdur. Biz insanları əmin edirik ki, Azərbaycanın ərazisində içməli suyun keyfiyyəti tam normalara cavab verir və təşviş üçün heç bir əsas yoxdur”.