Ailədaxili cinayətlər niyə artır?
“Qətlin kökündə bir aqressiya durur. Ailədaxili cinayətlərin baş verməsinin əsas səbəbi şəxsiyyətlərarası münasibətlərin düzgün qurulmaması ilə bağlıdır”.
Bu fikriləri “Sosium” proqramının qonağı, psixoloq Aygün Cəfərova deyib. Onun sözlərinə görə, ailə dəyərlərinin olmaması, tərəflərin bir-birini başa düşməməsi aqressiyaya səbəb olur. Aygün Cəfərovanın fikrincə, bu da bəzi hallarda son nəticədə cinayətlərin, xoşagəlməz hadisələrin baş verməsinə gətirib çıxarır. Başqa sözlə, aqressiya səbəbsiz meydana çıxmır: “Yığılmış emosiyalar, basdırılmış hisslər mütləq aqressiyanı yaradan amil olur. Aqressiya boş-boş boşuna yaranmır. Ailədə tərəflərin o qədər basdırılmış hisləri olur ki, onlar qeyri-adekvat hərəkətlər etməyə başlayır. 20 günlük uşağın öldürülməsinə gəldikdə bu artıq atanın qeyri-normal düşüncəsindən, şəxsiyyətinin tam pozulmasından xəbər verir. Təbii ki, 20 günlük uşaq onu qıcıqlandıracaq hərəkət edə bilməz. Adətən zorakılıq görən insan zorakılıq tətbiq etməyə meylli olur. Aressiyanın yaranmasına müxtəlif amillər səbəb olur. Aqressiyanın yaranmasının səbəblərini müəyyən etmək üçün mütləq fərdi qaydada cinayət törətmiş şəxs ilə söhbət edilməlidir. Amma bütövlükdə ailədə tərəflər bir-birlərinə hörmət etməyəndə, dəyərlərini alçaldanda qarşı tərəflərdə artıq aqressiya yaranır”.
Psixoloq bildirib ki, yığılmış aqressiya müəyyən müddətdən sonra ya verbal, ya da fiziki formada özünü göstərməyə başlayır. “Hər bir insanda aqressiya mövcuddur. Aqressiyanın isə bir neçə növü var: verbal və fiziki aqressiya. Verbal aressiya zamanı insan danışıqla, yəni kobud sözlə, yüksək səslə öz aressiyasını büruzə verir. Hisslərini ifadə eləmək üçün söz yetərli olmayanda isə o, fiziki zorakılıq tətbiq edir. Yəni, əşyaları vurur, sındırır və yaxud qarşısındakına fiziki zorakılıq tətbiq edir, aqressiv hərəkətlər nümayiş etdirir”.
Cəmiyyət üçün insanlara yönəldilmiş aqressiya xüsusilə təhlükəlidir. Bu cür aqressiyanı assosial aqressiya adlandıran psixoloq qeyd edib ki, adətən təzyiq etmə, məcbur etmə, neqativ qiymətləndirmə, hədə-qorxu və ya fiziki gücün göstərilməsi aqressiyanın təzahürləri hesab olunur: “Aqressiya müxtəlif formalarda-aydın və ya latent ola bilər. Baxmayaraq ki, o, dağıdıcılıq məqsədlərini izah etmək üçün istifadə olunur, onu pozitiv təzahürlərə də, məsələn, şöhrətpərəstlikdən təzahür edən aktivliyə də aid edirlər. Aqressiyanın gizli formaları da ayırd edilir ki, bunlara özünü ünsiyyətdən uzaqlaşdırma, kiməsə və ya özünə zərər vermə və özünəqəsd şəklində büruzə verən təzahürlər aid edilir”.
A.Cəfərova əlavə edib ki, ailədaxilində aqressiyanın, son nəticədə isə cinayətin baş verməməsi üçün tərəflər mütləq bir-birlərini başa düşməli, problemi danışıqlar yolu ilə həll etməlidir. Bundan başqa, aqressiyanın baş verməməsi üçün hər bir insan enerji çıxaran işlə məşğul olmalı, sevdikləri məşğuliyyətlərdən özünü məhrum etməməlidir. Onun sözlərinə görə, tərəflər üzləşdiyi çətinlikləri həll edə bilməyəndə mütləq psixoloqa müraciət etməlidir. A.Cəfərovanın fikrincə, mütəxəssis köməyindən yararlanmaqla ailədaxili problemləri həll etmək mümkündür.