Ali təhsil müəssisəsinin publik hüquqi şəxsə çevrilməsinin faydası nə olacaq?

“Ali təhsil müəssisəsinin publik hüquqi şəxs kimi fəaliyyət göstərməsi təhsil sistemində və təhsil müəssisəsinin idarəetməsində köklü dəyişikliklərə yol açacaq”.

 

Bunu “Sosium“ proqramının qonağı, təhsil üzrə ekspert Kamran Əsədov deyib. Onun sözlərinə görə, ali təhsil müəssisələri publik hüquqi şəxs elan olunduqdan sonra idarəolunma prosesi bundan sonra ciddi şəkildə dəyişəcək: “İlk növbədə qeyd etmək lazımdır ki, bizdə ali məktəblərin idarə olunması sovetlər dönəmindən qalma prinsiplər əsasında həyata keçirilir. Bu da model kimi dünyada qəbul edilmir. Dünyada reytinq cədvəlində öndə gedən universitetlərin idarəçiliyi daha çevik həyata keçirilir. Bundan başqa publik hüquqi şəxs kimi universitetlərin daha sərbəst maliyyə fəaliyyəti olacaq. İndiki halda onlar hansısa bir maliyyə prosesini həyata keçirmək üçün tabe olduqları yuxarı orqanın razılığını almaq tələb olunur. Amma publik hüquqi şəxs olanda universitetin bu sahədə müstəqilliyi olacaq”.

 

Azərbaycanda 54 ali təhsil müəssisəsinin fəaliyyət göstərdiyini deyən ekspert bildirib ki, bunlardan 30-dan çoxu ali dövlət təhsil müəssisəsidir. Onun sözlərinə görə, qüvvədə olan qanunvericiliyə görə indiyə qədər ali təhsil müəssisələri əlavə gəlir əldə edə bilmək üçün xidmətlər göstərə bilmirdi. K.Əsədov bildirib ki, publik hüquqi şəxs olması universitetlərə əlavə gəlir əldə etmək imkanı yaradacaq: “İndi universitetin yeganə gəlir mənbəyini tələbələrin təhsil haqları təşkil edir. Lakin publik hüquqi şəxsə çevriləndən sonra ali təhsil müəssisəsinin digər xidmətlər göstərməsi üçün şərait yaranacaq ki, bu da əlavə gəlir əldə etməyə imkan verəcək. Dünya təcrübəsində universitetin əsas gəlirləri layihələr, xarici ölkələrdən tələbə qəbulu, elmi tədqiqat jurnalları, hazırıq qrupları, tərcümə xidməti və sair təşkil edir. Lakin bu qeyd olunanlar təəssüf ki, bizim universitetlərdə  yoxdur. Bu dəyişiklik məhz həmən gəlirli sahələri universitetlərə cəlb etmək üçün mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, bu, Azərbaycan ali məktəblərinə yeni nəfəs verəcək və qısa müddətdə universitetlərimizin beynəlxalq nüfuzu qalxacaq”.

 

Ekspert bəzi şəxslərin ali təhsil müəssisələrinin publik hüquqi şəxsə çevrilməsini özəlləşdirmə kimi təqdim etməsinin düzgün olmadığını vurğulayıb. “Bəzi insanlar hesab edir ki, publik hüquqi şəxs olandan sonra universitetlərimiz özəl olacaq, bundan sonra yalnız ödənişli olacaq və ödənişsiz təhsil mövcud olmayacaq. Bildiyiniz kimi, ali məktəblərə qəbul plan yerinin 30%-dən çoxu dövlət sifarişli ixtisaslardır. Əvvəlki illərdə olduğu kimi dövlət sifarişli ixtisaslar yenə də qalacaq. Bundan başqa, dövlət başçısının sərəncamına görə sosial statusu olan şəxslərin təhsil haqları və digər ödənişlərdən azaddırlar. Publik hüquqi şəxs olandan sonra ali təhsil müəssisələrinin təhsil haqlarında da artım baş verməyəcək. Əksinə mənim fikrimcə, rəqabət mühiti olacağından biz təhsil haqlarının azalmasının şahidi olacağıq”, - deyə K.Əsədov vurğulayıb.

 

 

Müəllif | Apa.Tv
Apa.tv