Məktəbəhazırlıq qruplarına qəbul üçün nə tələb olunur?

“Məktəbəhazırlıq qruplarına elektron sənəd qəbulunun tətbiqi “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi məqsədilə tətbiq olunur. Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üzrə müraciətlərin elektron qeydiyyat sistemi bu prosesin sadələşdirilməsinə xidmət edir. Məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasından ibarətdir”.

 

Bunu "Sosium" verilişinin qonağı, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Ümumi təhsil sektorunun məsləhətçisi Tural Mirzəliyev deyib. Onun sözlərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində məktəbəhazırlıq qruplarına uşaqların qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.

T.Mirzəliyev bildirib ki, məktəblərdə təşkil olunmuş məktəbəhazırlıq qruplarına məktəbin yerləşdiyi ərazidə yaşayan və həmin ildə 5 yaşı tamam olan (2012-ci il təvəllüdlü) uşaqlar qəbul edilir. BŞTİ rəsmisi qeyd edib ki, yaşayış ərazisindəki məktəbdə məktəbəhazırlıq qrupu təşkil olunmadığı halda, uşaqlar digər məktəbdə yaradılan məktəbəhazırlıq qrupuna qəbul edilə bilər.

 

“Ərizələrin onlayn qeydiyyatı 2017-ci il avqustun 1-dən başlayır və 2017-ci il sentyabrın 18-də başa çatır. Elektron ərizəsi qeydiyyata alınan şəxslər üçün sənədlərin məktəbə təqdim olunma müddəti 15 avqust 2017-ci il tarixdən başlayır, 20 sentyabr 2017-ci ildə başa çatır”, - deyə T. Mirzəliyev vurğulayıb.

 

Qeyd edək ki, valideyn (digər qanuni nümayəndə) uşağın məktəbəhazırlıq qrupuna qəbulu üçün aşağıdakı sənədləri təqdim etməlidir:

 

Uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti (uşağın şəxsiyyət vəsiqəsi olmadığı halda doğum haqqında şəhadətnaməsi; Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi; Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi; Xarici ölkədə verilmiş doğum haqqında şəhadətnamə (Azərbaycan dilinə tərcümə olunmuş variantda));uşağın mübadilə vərəqi (sağlamlıq haqqında arayış-forma 26U);2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil; valideynin (digər qanuni nümayəndənin) “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə”si.

 

T. Mirzəliyev vurğulayıb ki, məktəbəhazırlıq qruplarına elektron ərizələrin qeydiyyatı valideyn (digər qanuni nümayəndə) tərəfindən onlayn (www.mektebeqebul.edu.az) və ya Bakı şəhərinin hər inzibati rayonunda məktəbəhazırlıq qruplarına elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədilə müəyyənləşdirilmiş 50 məktəbdə fəaliyyət göstərən Alternativ Qeydiyyat Mərkəzləri tərəfindən aparıla bilər: “Elektron sistemdə qeydiyyat zamanı istifadəçi mobil telefon nömrəsini və ya elektron poçt ünvanını qeyd edə bilər. Valideyn (digər qanuni nümayəndə) elektron sistemdə seçdiyi məktəbə sorğu yerləşdirməlidir”.

 

 

T.Mirzəliyev deyib ki, növbəti tədris ilində BŞTİ-nin tabeliyindəki 266 ümumi təhsil müəssisəsində 936 məktəbəhazırlıq qrupu fəaliyyət göstərəcək. Onun sözlərinə görə,  məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq. Səkkiz ay davam edən məşğələlər mayın 31-də başa çatacaq.

 

BŞTİ rəsmisi əlavə edib ki, məktəbəhazırlıq qruplarına uşaqların qəbulu proseduru ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən geniş maarifləndirmə və məlumatlandırma tədbirləri görülüb: “Məktəbəhazırlıq qruplarına qəbulun başlanmasından 1 gün öncə BŞTİ-də mətbuat konfransı keçirilib, KİV əməkdaşlarını maraqlandıran bütün məsələlərə aydınlıq gətirilib. Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı əhatəli sual-cavab mətni, həmçinin, banner hazırlanıb və BŞTİ-nin saytında yerləşdirilib. Məktəbəhazırlıq qruplarına qəbulla bağlı bütün normativ hüquqi sənədlər sayta yerləşdirilib, bununla bağlı müvafiq maarifləndirici məlumat və şərhlər verilib”. 

Müəllif | Apa.Tv
Apa.tv