Kondisionerin altında qalmaq ölümlə nəticələnə bilər!

Yay mövsümü ilə əlaqədar vətəndaşlar arasında günvurma və istivurma hallarının artımı müşahidə olunur. Günün çox hissəsini çimərlikdə qızmar günəş şüaları altında keçirmə, fasiləsiz günəş altında fiziki işlə məşğul olma insanları gün və isti vurma təhlükəsilə üz-üzə qoyur. İyunun 1-dən bu günə kimi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı 93 müraciət olub. Günvurma ilə bağlı müraciət edənlərdən 41-i xəstəxanaya yerləşdirilib və onlara ambulator yardım edildikdən sonra evə buraxılıb. Günvurma ilə bağlı müraciətlərin 17-si uşaqlarla bağlı olub. Günvurmanın əlamətləri nədir? Günvurma zamanı ilkin təcili tibbi yardım necə olmalıdır? APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında bu suallar cavablandırılıb.  

Həkim-terapevt, fitoterapevt Elnur Rəhimov deyib ki, günvurma əlamət olaraq həmin anda özünü göstərməyə bilir: "İlk olaraq özünü göstərə bilər şüur bulanıqlığı ilə, hətta bayılmaya kimi, kollapsa kimi gedib çıxa bilər. Orqanizmin ən çox zədələnəcək yerləri tənəffüs sistemidir və böyrək. Ən çox zədələnəcək yerlərimiz bu üzvlərdir".  E. Rəhimov onu da qeyd edib ki, günvurma hər adamda eyni effekt verməyə bilər, məsələn bəzən bəzi adamlarda təzyiqin düşməsi, qanaxma ilə nəticələnə bilər.  "Günvurma zamanı ilkin olaraq adamın həmin temperaturdan uzaqlaşdırılması önəmlidir. Ehtiyac olarsa 2-3 gün ərzində xəstəxana şəraitində yatmaq belə mümkündür" - həkim-terapevt belə deyib.  

Günvurmanın 4 dərəcəsinin olduğunu vurğulayan Elnur Rəhimova görə bu cür hallarda daha çox 2-ci dərəcəyə rast gəlinir: "Günvurma hətta ölümlə də nəticələnə bilər. Dərəcəsindən asılıdır. Ona görə də məsləhət görürük ki, səhər 11-ə qədər, axşam 7-dən sonra günəş vannası qəbul etməyə icazə var".

Günvurma daha çox hansı yaş kateqoriyasına təsir edir sualına cavab olaraq Elnur Rəhimov deyib ki, bu hal bütün yaş kateqoriyaları, xüsusilə uşaqlar, yaşlılar, hamilə qadınlar üçün təhlükəlidir. Həkim terapevtin sözlərinə günvurma təxirə salınmaz təcili yarımın bilavasitə işidir.

Günvurma ilə istivurmanın fərqlərindən danışan Elnur Rəhimov hər iki halın əlamətlərinin oxşar olduğunu vurğulayıb.   İş şəraiti temperaturundan danışan həkim-terapevtin sözlərinə görə temperatur göstəricisi 36-37 dərəcəni keçərsə, açıq səma altında işləmək məsləhət görülmür.

Elnur Rəhimov onu da tövsiyə edib ki, dəniz suyu ilə təmas zamanı ağız boşluğunun bağlanması zəruridir ki, bu da infeksion xəstəliklərin qarşısını almış olur.     

İsti havalarda kondisionerdən istifadə məsələsinə toxunan E. Rəhimov deyib ki, kondisionerin altında çox qalmaq ölümlə nəticələnə bilər. Həkim-terapevt onu da qeyd edib ki, duşdan dərhal kondisionerli mühitə keçmək olmaz.

 

Müəllif | Apa.Tv
Apa.tv