Avqustun sonunda kirayə evlər bahalaşacaq - EKSPERT RƏYİ
Ali məktəblərdə yeni dərs ilinin başlanmasına 1 aydan da az qalır. Tələbə adını qazanmış abituriyentlərdən bəziləri, xüsusi ilə rayonlarda yaşayan və təhsil üçün Bakıya gələnlər kirayə ev axtarışına çıxır. Təcrübə göstərir ki, bu ərəfədə kirayə evlərin qiyməti artır. Kirayə ev axtaran əksər tələbələr yaşayacaqları yerin təhsil aldığı universitetə, kollecə və metroya yaxın olmasını istəyirlər. Bəs münasib qiymətə münasib evi necə tapmaq olar? Ümumiyyətlə, daşınmaz əmlak bazarında qiymətlər necə dəyişib? APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında kirayə bazarının mövcud vəziyyəti müzakirə edilib.
Əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov deyib ki, ötən illərin təcrübəsinə istinad etsək, avqust ayının 3-cü dekadasında artımın qaçılmaz olduğunu görərik: "Bu il kirayə mənzil bazarında artım müşahidə edilir. Artım avqust ayının sonları, sentyabr-oktyabr aylarının əvvəlləri ola bilsin ki, daha intensiv müşahidə edilsin". Bu tələbin əsasən tələbə kontingenti tərəfindən formalaşdığını söyləyən ekspertin sözlərinə görə, onlar adətən oxuduqları təhsil ocaqları, yaxud metro stansiyalarının yaxınlığındakı mənzillərə üstünlük verirlər. "Təbii ki, onlar hər birinə 70-100 manat imkanlarından çıxış edirlər" - ekspert belə deyib.
Son illərdə həyət evlərinə olan tələbatın azaldığını söyləyən Nüsrət İbrahimovun sözlərinə görə hazırda insanlar daha çox çoxmənzilli binalara, sovet dövründə tikilmiş evlərə üstünlük verirlər. İyul ayının nəticələrindən danışan ekspert kirayə bazarından toplanılan 880 mənzil üzrə orta qiymətin 792 manat olduğunu söyləyib: "500 manata bazara daha çox mənzil təklif olunub, nəinki digər qiymətlərə təklif olunan mənzillər. Yəni bu da özünü orta qiymətdə göstərir".
Ekspert onu da qeyd edib ki, kirayə mənzil bazarı ötən il itirdiyi mövqelərini bu il bərpa edir. "Adətən kirayə bazarındakı qiymətlərlə satış bazarı arasındakı qiymətlər arasında bir tənasüb var. Balans var. Orta hesabla il ərzində kirayə verilən mənzildən götürülən gəlir, satış bazarındakı mənzilin dəyərinin 6%-i təşkil edir. Kirayədən gəlir satışa nisbətən azalmışdı".
Ekspertin sözlərinə görə hazırda insanlar bank depozitinə ehtiyatla yanaşmaları səbəbindən daşınmaz əmlak bazarına üz tuturlar.
"Bizim araşdırmalar göstərir ki, ən aşağı qiymətlər və təklifin bol olduğu vaxt fevral ayıdır. Fevral ayı daha münasib olur" - Nüsrət İbrahimov belə deyib.
N.İbrahimov onu da qeyd edib ki, ötən illərdən fərqli olaraq tələbələrə artıq ilboyu kirayə götürdükləri mənzili yay aylarında qaytarmırlar: "Mənzil sahibi ilə danışırlar, qiymətini bir qədər, yaxud 30-40% aşağı salırlar".
VİP mənzilləri daha çox kimlər kirayə edir? sualına ekspertin belə cavab verib: "Bu gün biznes evlər 6,1% təşkil edir. O vaxt bunlar 16-18% təşkil edirdi. Bu iş adamları, investorlar, xarici iş adamları ilə bağlı idi. Onlar bir çox halda özlərinə fərdi mənzil alıblar. Bu cür ödənişlərdən azad olublar".