Ərəb turistlərə münasibət: Kimdir günahkar? - biz, ya onlar?
Son illərdə ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayı kəskin artıb. Statistik məlumata görə təkcə bu ilin birinci yarısında 44 mindən çox ərəb turisti ölkəmizi ziyarət edib. Digər xalqların turistləri kimi ərəblər də təkcə paytaxt Bakıya deyil, Qəbələ, İsmayıllı, Oğuz və digər bölgələrə də səfər edirlər. Lakin bu da bir faktdır ki, ölkəmizə ərəb turistinin axını bəziləri tərəfindən heç də birmənalı qarşılanmır. Sosial şəbəkələrdə bəzi istifadəçilər tərəfindən ərəb turistlərin müəyyən hərəkətləri qızğın müzakirə edilir. Onların daha çox tənqid edilməsi nə ilə bağlıdır? Ərəb turistlərə münasibətdə günahkar kimdir? - Biz, yoxsa onlar?
Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının prezidenti, turizm sahəsi üzrə mütəxəssis Ruslan Quliyev hesab edir ki, ölkəmizdə turizmin inkişafın üçün imkan yarandıqdan sonra qurulan şirkətlərin bəziləri heç də peşəkar deyil: "Bələdçi sənətinə tamamilə yiyələnməmiş, müəyyən naşı "mütəxəssislər" də dövriyyəyə girdi. Bəlkə də elə problemin kökü bundadır". Mütəxəssis onu da qeyd edib ki, turist olduğu ölkənin qanunlarına riayət etməyə borcludur: "Demokratik ölkələrdə də bununla bağlı çox sərt qanunlar var. Ümumiyyətlə turizm sahəsində heç bir diplomu, yaxud lisenziyası, icazəsi olmayan insanların istər Türkiyədə olsun, bu sahə ilə məşğul olması və bu faktın aşkar olması çox zaman həmin şəxsin və ya hüquqi şəxsin çox böyük bir cərimələr və hətta azadlıqdan məhrumetmələrlə müşahidə olunur. Təbii ki, biz belə turizmin inkişafını dəstəkləmirik". R.Quliyev bu məsələdə bələdçilərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. "İqtisadi mənfəətimizi güdsək, hansı mənəvi itkilərimiz olacaq?" - Ekspert belə deyib.
Ruslan Quliyev deyib ki, bəzi ölkələrin qrup rəhbərlərinin Azərbaycanda bələdçilik etmək istəmələri yolverilməzdir: "Bildiyiniz kimi müxtəlif ölkələrdə, Türkiyə də bu fəaliyyət üçün xüsusi razılıq olmalıdır. Tur bələdçisinin reyesterdən keçib-keçməməsi araşdırlır və bu tətbiq olunur. Ən azından bu proses hava limanından başlanmalıdır". Sürücülərin bu sahədəki fəaliyyətinə toxunan ekspertin sözlərinə görə, turizmə aid olmayan insanların turistləri narahat etməsi, yüksək qiymətlər təklif etməsi yolverilməz haldır.
"Turistlərin birinci diqqətini çəkən şəhərin təmizliyi, xiyabanların təmizlikdir. Amma hansısa hallarda Azərbaycan vətəndaşının dondurmanın kağızını, siqaretin kötüyünü yerə atdığı zaman onlarda da belə bir təəsürat oyanır ki, bunu etmək olar" - Ruslan Quliyev belə deyib. Ekspert vəziyyətdən çıxış yolunu ictimai yerlərdə cərimənin tətbiq edilməsində görür.
Regionlarda turistlərə şişirdilmiş qiymətlərin təklif olunduğunu söyləyən Ruslan Quliyevin sözlərinə görə, hətta bu paytaxdan gələn sakinlərə də tətbiq olunur: "Bizim əməkdaşımız Quba istiqamətidə yol gedirmiş, orada bir uşağın iki banka mürəbbəni iki yüz manata satdığının şahidi olub".
Ərəb turistlərinin davranışları ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara toxunan ekspert deyib ki, turist yoldan keçən qadına söz ata bilməz: "Deməli zəmin var ki, buna da şərait yaradılır. Bunun qarşısını almaq olmaz. Belə situasiya ilə qarşılaşmaq xoş hal deyil". Ekspert media orqanlarını, turizm şirkətlərini bu hallarla bağlı ayıq-sayıq olmağa çağırıb. R. Quliyev onu da vurğulayıb ki, əlaqəli qurumlar bu məsələ ilə bağlı koordinasiya şəklində birgə fəaliyyət göstərməlidirlər.