Benzinin bahalaşması maşınların qiymətinə təsir etməyib - EKSPERT
Bu il avtomobil bazarında dirçəlmə müşahidə olunur. Yəqin elə bu səbəbdəndir ki, əvvəlki illərdən fərqli olaraq maşın bazarında qiymətlər artıb. Son 1 ayda hansı avtomobillər daha çox bahalaşıb? Benzinin qiymətinin artması hansı avtomobillərə tələbatı artırıb?
Daşınmaz əmlak bazarı üzrə ekspert Eldəniz Cəfərov deyib ki, bu ilin mart ayından etibarən ikinci əl avtomobil bazarında 5-7% qiymət artımı baş verib: "Lakin bunu biz avqust ayına şamil edə bilmərik. Avtomobillərin qiymətinin kəskin yüksəlməsi müşahidə edilməyib. Bu fərdi qaydada ola bilər, amma onu biz ümumi bazara şamil edə bilərik".
"Sınaqdan çıxmış avtomobillərə Azərbaycanda həmişə tələbat var. Bunlar əsasən Almaniya istehsalı və Yaponiya istehsalı avtomobillərdir ki, bunlara tələbat daim var" - ekspert belə deyib. Onun sözlərinə görə eyni zamanda mühərriki kiçik həcmli avtomobillərə həmişə maraq olsa da, alıcı nədənsə bir qədər geniş salonu olan avtomobillərə üstünlük verir.
Eldəniz Cəfərov hesab edir ki, benzinin bahalaşması ümumilikdə avtomobil bazarına mənfi təsir etməyib: "Qiymətlər avtomobillərdə çox yüksəlmədi, eyni zamanda kiçik həcmli avtomobillərə tələbatı artırmayıb". Ekspert onu da qeyd edib ki, benzinin bahalaşması dizelə olan tələbatı da artırmayıb. Maliyyə böhranında sonra avtomobil bazarının dirçəlməyə başladığını söyləyən ekspert bunun səbəbini milli valyutanın sabitliyi ilə əlaqələndirib.
Avtomobillərin kreditlə satışına toxunan ekspertin sözlərinə görə ilkin ödəniş kimi müəyyən edilən 40-50% heç də aşağı məbləğ deyil: "Yeni avtomobillərə kredit faizlərinin azalması baş versə, onda insanlar yeni avtomobillərə üstünlük verərlər". E. Cəfərov bu fikirdədir ki, qonşu ölkələrlə müqayisədə Azərbaycan avtomobillərin sayı heç də çox deyil.
"İkinci əl avtomobillərin alqı-satqısında kreditin faizi çox azdır, demək olar ki, yoxdur" - Ekspert belə deyib. E.Cəfərov həmçinin lizinq şərtlərindən də danışıb: "Lizinq şərtlərinə görə ilkin ödəniş azdır, əsasən lizinqlə satılan avtomobillər Rusiya və Çin Xalq Respublikasında nistehsal edilən avtomobillərdir. Kreditin faizinin yüksək olması, lizinqin özünə müsbət təsir edir". Ekspert lizinqlə kredit arasındakı fərqi də izah edib: "Kredit belədir ki, artıq avtomobil sizindir, lizinq şərtlərində avtomobil hələ ki sizin deyil". O həmçinin qeyd edib ki, lizinq hazırda daha çox fiziki şəxslərə deyil, hüquqi şəxslərə tətbiq olunur".
Eldəniz Cəfərov avtomobil seçmək təcrübəsi olmayan alıcılara, avtomobil bazarına mütəxəssislə getmələrini tövsiyyə edib.
Eldəniz Cəfərov avtomobillərin etibarnamə ilə alqı-satqısı məsələsinə toxunub: "Sovet vaxtından bu mövcud olub. Bu asan yoldur. Avtomobili alqı-satqı edənlərin yol polisinə getmələri üçün əvvəlcə yol polisində şərait yaratmaq lazımdır. Yol polisində qeydiyyatı şaxələndirsinlər. Maşının qeydiyyatı yalnız bir yerdə olmasın. Bakıda, Azərbaycanın digər şəhərlərində 20-30 məntəqə olsun. İstehlakçı asan variantı seçir, satıcı da, alıcı da. Həm az xərci çıxsın, həm də vaxtı getməsin. Ona görə də biz onu tövsiyyə edə bilmirik".
Ekspert onu da deyib ki, avtomobil üçün əmlak vergisi tətbiq olunarsa, ikinci əl avtomobil bazarında qiymətlərin enməsi qaçılmaz faktordur.