Kişilər qadınlara qarşı niyə zorakılıq edir?

Son vaxtlar qadınlara qarşı zorakılıq halları demək olar ki, gündəlik qarşılaşdığımız bir hala çevrilib. Qadınların zorakılığa məruz qalması ilə bağlı mütəmadi ən azı bir neçə xəbər eşidir və ya rast gəlirik Araşdırmalar da göstərir ki, tarix boyu şiddətlə ən çox qarşılaşan və zorakılığa məruz qalanların əksəriyyəti qadınlardır. Bu şiddət isə daha çox qadının üzvü olduğu ailədə baş verir. Bəs, ailədaxili zorakılıq və boşanmaların səbəbi nədir? Qız uşaqlarının cinsi zorakılığa məruz qalması halları niyə artıb? APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında bu suallar cavablandırılıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-Təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib ki, 2006-cı ildə gender bərabərliyinin təminatları haqqında qanun qəbul edildi: "Əslində bu hüquqların olması, yəni qanunda təsbit edilməsi heç də o demək deyil ki, bu bərabərliyə tam nail olunub. Gərək cəmiyyətdə bu hüquqları həyata keçirmək üçün bərabər imkanlar olsun". T.İbrahimovanın sözlərinə görə bu gün qadın zorakılığından danışanda, daha çox ailə-məişət zorakılığına rast gəlinir. "Hələ də qadın məişət daxilində müəyyən vəzifələri yerinə yetirməlidir deyə belə bir fikirlər söylənilir" - T. İbrahimova belə deyib.

Qurum rəsmisi onu da qeyd edib ki, bu gün Azərbaycan qanunvericiliyində zorakılıq hallarının hər biri ilə bağlı cəzalar, məsuliyyət nəzərdə tutulub: "Azərbaycan qadınlara qarşı ayrı seçkiliyin bütün formalarının aradan qaldırılmasına qarşı konvensiyaya qoşulub".

T.İbrahimova deyib ki, az təhsilli, iqtisadi cəhətdən asılı olan qadınlar, eyni zamanda evdar qadınlar daha çox məişət zorakılığının qurbanı olurlar.  "Qanunvericiliyə əsasən zərərçəkənlər üçün yardım mərkəzləri, dövlət sığınacaqları yaradılmalıdır. Bu vaxta hələ ki  dövlətin özünün yardım mərkəzi olmadığına görə bu cür zorakılıqdan əziyyət çəkənlərin yerləşdirilməsi üçün müəyyən problemlərlə üzləşirik" - qurum rəsmisi belə deyib.

Cinsi faktlarının əksər hallarda gizli saxlanıldığını deyən Taliyə İbrahimova, bunu əsasən çox maarifləndirmə ilə əlaqələndirib. "Valideyn məlumatlı olmalıdır ki, uşağına da vaxtında yardım göstərə bilsin".  Dünya təcrübəsinə əsaslanan qurum rəsmisinin sözlərinə görə bu gün uşaqlar daha çox ailə üzvləri tərəfindən şiddət və zorakılığa məruz qalırlar: "Statistika göstərir ki, uşaqlar 70% tanıdıqları şəxslər tərəfindən zorakılığa məruz qalırlar. Yad bir insan deyil, tanıdıqları, etibar etdikləri insanlar tərəfindən".

Taliyə İbrahimova riskli ailələrə bağlı narahatlığa da əsas gətirib: "Təəssüf ki, riskli ailə aşkar edildikdə, onun ətrafında olan insanlar bu barədə məlumat vermək istəmirlər. Sonda bu cür faciəvi hallar baş verir. Zorakılığa məruz qalan şəxs, yetkinlik yaşına çatmayan şəxs, sabah özü də zorakılığı törədən şəxs olur".

Bu sahədə maarifləndirmə işinin vacibliyini vurğulayan qurum rəsmisi, müəllimlərdən xüsusi məsuliyyət tələb olunduğunu da bildirib.          

T.İbrahimova, riskli ailələr barədə anonim xidmətlərin yaradılması sualına cavab olaraq bildirib ki, zorakılıqla bağlı Komitəyə dəfələrlə anonim müraciətlər olub. 

 

Müəllif | Apa.Tv
Apa.tv