Məktəb ləvazimatlarının qiymətləri sabit qalıb - EKSPERT RƏYİ

Yeni dərs ilinin başlanmasına sayılı günlər qalıb. Məktəbə övlad yola salan və ya salacaq valideynlər elə indidən dərs ləvazimatları satılan dükanlara üz tuturlar. Bununla yanaşı, əksər valideynlər Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və xidmət departamenti tərəfindən paytaxtın müxtəlif ərazilərində məktəbli yarmarkalarında da alış-verişlərə başlayıb. Bəs, məktəbli bazarında bir şagirdin məktəbə getməsi üçün valideynlər öz büdcəsindən nə qədər vəsait ayırmalıdırlar? Məktəb alış-verişi zamanı nəyə diqqət etmək lazımdır? APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında bu məsələyə aydınlıq gətirib. 

İqtisadçı-ekspert, marketoloq Arzu Qafarlı deyib ki, məktəb bazarında alış-veriş zamanı valideynlər çox vaxt birinci sinif şagirdlərinə doqquzuncu sinif şagirdlərinin ləvazimatlarını almaqla, onları çaşqın vəziyyətə salırlar. ekspert qiymətlərin ötən ildəki kimi stabil və qaydasında olduğunu bildirib: "Nəzarət daha güclənib. Yerli təşkil olunan yarmarkaların monitorinqində olduq. Onlarda tam başqadır. Tutaq ki, bir dəftərin qiyməti 40 qəpikdirsə, çox da fərq olmadan 35 qəpiyə yerli təşkil olunan yarmarkalardadır". Ekspert bu cür yarmarkaların təkcə Bakıda deyil, regionlarda təşkil olunmasını təklif edib.

Verilişə telefon xətti ilə qoşulan təhsil üzrə ekspert Kamran Əsədovun sözlərinə görə bəzi yerlərdə məktəbli formaları artıq pirat üsulu ilə dövriyyəyə buraxılıb: "Şagirdlərimizin istifadəsinə verilən məktəbli geyimləri müxtəlif qiymətlərlə alıcılara təqdim olunur. Real qiyməti 60 manatı keçməyən məktəbli forması təəssüf ki, bəzi yarmarkalarda və satış yerlərində 100 manatdan çoxdur".  Digər məktəbli ləvazimatlarının qiymətlərinə toxunan K.Əsədov, yarmarkalarla digər satış yerləri arasında qiymət fərqlərinin olduğunu qeyd edib.

Arzu Qafarlının hesab edir ki, vahid məktəbli formasının olması sosial-iqtisadi cəhətdən sərfəlidir: "Əvvəl xaricə valyuta axını gedirdi. Amma indi vətəndaşlar öz geyimimizə pul yatırırlar. Mən bununla bağlı nəinki məktəb geyimi ilə bağlı, hətta məktəbli çantaların ilə bağlı da xahiş edərdim ki, yeni çanta zavodu, yüzlərlə iş yeri açılsın. Hamı eyni çantada getsin. Uşaqların arasında mehribanlıq olsun, uşaqlar gəlib evdə ağlamasınlar ki, çantanın üstündəki qəhrəmandan istəyirəm".

Ekspert məktəbli ləvazimatları ilə bağlı istehlakçılara tövsiyə verib: "Valideynlər məhsulu aldıqda, onun ştrix koduna fikir versinlər. Yəni həmin məhsulun müddətinə zəmanət kitabçası istəsinlər. Yəni həmin firma haqqında məlumata sahib olsunlar. Valideynlər 5-10 qəpik ucuzdur deyib, heç vaxt elə bir məhsulun arxasınca qaçmasınlar".

Arzu Qafarlının sözlərinə görə bu gün bir məktəbli üçün tələb olunan standart xərclər 180-200 manat təşkil edir.     

 

 

 

  

Müəllif | Apa.Tv
Apa.tv