Test üsulu ləğv edilməlidirmi? - EKSPERT RƏYİ
Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin Azərbaycanda ali məktəblərə qəbul imtahanlarında test üsulunun ləğvi ilə bağlı məlumatı artıq bir neçə gündür ki, sosial sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib. Test üsulunun ləğvinin əleyhdarları kifayət qədər olsa da, ali məktəblərə qəbulun bu formasının ləğvinin tərəfdarlarının da sayı az deyil. Ali məktəblərə test üsulunun ləğvi qərarı doğrudurmu? Ali məktəblərə qəbul hansı qaydada aparılmalıdır? APA TV-nin "Sosium" layihəsində bu suallara aydınlıq gətirilib.
Təhsil üzrə ekspert, professor Əjdər Ağayevin sözlərinə görə şəffaflığı, ədaləti təmin etmək məqsədilə təmin etmək məqsədilə ali məktəblərə qəbul imtahanlarının test üsulu ilə aparılması irəli sürüldü: "Birinci, ikinci, üçüncü qəbullar çox yaxşı nəticələr verdi. Heç kəsin hansısa bir qüvvəyə təsiri olmadığına görə ədalətlə, obyektiv olaraq biliyini ortaya qoyanlar biliyini nümayiş etdirirdi, ali məktəblərə yönəldilirdi". Ə.Ağayev 90-cı illərdəki abituriyentlərin indiki abituriyentlərdən üstün olduğunu da vurğulayıb. Test üsulunun da illər ərzində təkmilləşdirildiyini deyən ekspertin sözlərinə görə əvəllər abituriyentlər yalnız test tapşırıqları üzərində işləyirdilər: "Qəbul komissiyası esselərdən istifadəyə başladı. Açıq suallar qoydu, izahlı cavablar istədi. Amma fakt göstərir ki, bütün bunların da hamısı nə qədər maraqlı olsada, ümumtəhsil məktəbin təkmil formasını meydana gətirə bilmir". Ekspert hesab edir ki, abituriyent öz hazırlığını qruplar üzrə test tapşırığını yerinə yetirməyə yönəltməklə, digər zəruri biliklərdən xəbərsiz qalır: "Bu, mükəmməl və hərtərəfli insani hazırlıqdeyil".
Ekspert repetitorçuluq fəaliyyətinə də toxunub: "İndiki zamanda hamı günahlandırır ki, qruplar üzrə test tapşırıqları olmazsa, uşaqlar məktəb təhsilini buraxmazlar, yalnız repetitor məktəbinə müraciət etməzlər. Bəs bunun ümumi hazırlığı hanı? Görkəmli bəstəkarlarımızın adlarını bilməyən magistrlar var". Ekspert onu da deyib ki, buraxılış fənni 2 imtahanla deyil, 11 il tədris olunan əsas fənnlər üzrə keçirilməlidir. Ekspert valideynlərə, diqqəti daha çox repetitorlara deyil, məktəblərə yönəltməyi tövsiyyə edib: "Onda repetitorluq yardımçıya çevrilə bilər".
Əjdər Ağayev Estoniya təcrübəsini əsas gətirərək, test üsulu ilə yanaşı şifahi və yazılı imtahanın da keçirilməsini təklif edir: "Yəni bu qabiliyyətlər yoxdursa, əzbərləməklə gəlib keçirsə, ali məktəbdə böyük əziyyət çəkir. Həyatda da böyük əziyyət çəkir". Ekspert şifahi imtahanda nitq qabiliyyətinin vacibliyini vurğulayıb.
Ekspert hesab edir ki, müasir tədris prosesinə mükəmməl kadr hazırlığı aparılmaqla yanaşı, müəllimin şagirdlə davranış metodikası təhlil edilməlidir.