Qurbanlıq qoyunların kəsiminə necə nəzarət olunacaq?
Sentyabr ayının 1-də səhər saat 9:00-dan etibarən Qurban Bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə Bakı şəhərində təşkil etdiyi qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyətə başlayacaq. Bu il yarmarkalarda ilk dəfə olaraq Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisələrində yetişdirilən xırda buynuzlu erkək heyvanlar satışa çıxarılacaq. Qurban bayramı günlərində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Qurbanlıq heyvanların sağlamlığının yoxlanılması və kəsiminin həyata keçirilməsinə necə nəzarət olunacaq? "APA TV"- nin "Sosium" layihəsinin növbəti buraxılışında bu məsələyə aydınlıq gətirilib.
“Sosium” proqramının qonağı, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli deyib ki, qoyunların kəsimində sanitariya qaydalarına əməl olunur: "Gətirilən heyvanların kəsiminə, baytar həkiminin nəzarəti altında kəsim məntəqələrində bir daha yoxlanıldıqdan sonra icazə veriləcək. Bakı şəhərinin ayrı-ayrı rayonlarına baytar həkimləri cəlb olunub. Bakı şəhərində ümumilikdə 24 satış məntəqəsinin fəaliyyət göstərməsi nəzərdə tutulur".
Y.Xanvəli deyib ki, hər bir alıcının baytarlıq şəhadətnaməsini tələb etməyə ixtiyarı var. Qurum rəsmisinin sözlərinə görə istər bayram, istərsə də qeyri-bayram günlərində heyvanların saxlanılması şəraitinə mühüm diqqət yetirilməlidir:
Baytarlıq şəhadətnaməsi olmayan heyvanların mütləq şəkildə müayinəyə cəlb ediləcəyini söyləyən Y. Xanvəlinin sözlərinə görə onların satışına yalnız müayinə bitdikdən sonra icazə veriləcək: "Sənədsiz heç bir heyvanın satışına icazə verilməyəcək".
Qurum rəsmisi deyib ki, respublika ərazisində 111, Bakıda isə 27 baytarlıq-sanitariya ekspertiza laboratoriyası fəaliyyət göstərir: "Bayram və qeyri bayram günlərində heyvan mənşəli məhsulların həmin laboratoriyalarda müayinəsi həyata keçirilir. Son illərdə bu laboratoriyalarımızda yüksək maddi-texniki baza yaradılıb. Laboratoriyada qısa ekspress üsulla müayinə həyata keçirilir. Qısa müddətdə cavab hazır olur və cavab rəylə birlikdə sahibkara təqdim edilir".
Kəsim məntəqələrindəki havalandırma sistemlərinə toxunan qurum rəsmisinin sözlərinə görə, heyvan kəsildikdən sonra ən aşağı 4 dərəcə temperaturda yarım saat saxlanılmalıdır: "Sanitariya qaydaları kəsim məntəqələrində mütləq təmin olunmalıdır". Y.Xanvəli onu da qeyd edib ki, qüsursuz heyvanların satışa çıxarılmasına xüsusi diqqət yetirilir.
"Bizim apardığımız nəzarət tədbirləri və bəzi insanların verdiyi məlumat əsasında təəssüf ki, qeyri-qanuni fəaliyyət göstərən insanlara rast gəlinir. 7000 kiloqramdan artıq heyvan məhsulları aşkar olunub, bunun da 4 tondan artığının at əti olması müəyyən edilib".
Qurum rəsmisi hal-hazırda respublika ərazisində iti yoluxucu xəstəliklərə görə epizodik vəziyyətin sabit olduğunu, hər hansı iti yoluxucu xəstəliyin qeydə alınmadığını deyib.
Heyvan ətinin idxalından danışan Y.Xanvəlinin sözlərinə görə iribuynuzlu camış əti Hindistandan, mal əti isə Rusiya, Gürcüstan və Ukraynadan idxal edilir: "Həmin ətlərdən gömrük keçidi zamanı nümunələr götürülür, bu nümunələr respublika baytarlıq laboratoriyasında müxtəlif istiqamətlərdə yoxlanılır. Gələn məhsullarda son 8 ay ərzində hələki, neqativ hal aşkar edilməyib".