Sosioloq: "Azərbaycanda qadınlara qarşı həddindən artıq zorakılıq var"
Gender-əsaslı diskriminasiya hazırda dünyada qeyri-bərabərlik mövzusunda ən başlıca səbəbdir. Gender-əsaslı zorakılıq qadınlara, onların ailələrinə, eləcə də ölkələrinə zərər verir və dünyada qadın və kişilər arasında qeyri-bərabərliklərə təkan verir. Nikahda zorlanma 35-ə yaxın ölkədə hələ də cinayət hesab olunmur. 603 milyondan çox qadın isə hələ də məişət zorakılığının cinayət hesab olunmadığı ölkələrdə yaşayır. Azərbaycanda da qız uşaqlarına münasibət zaman-zaman əsas müzakirə mövzusu olub. Azərbaycan qadınının kişilərlə eyni hüquqa malik olması, təhsil alması, bir sözlə cəmiyyətə qaynayıb-qarışması heç də asan proses olmayıb. Bu sahədə xeyli irəliləyiş olsa da, indi də zərif cinsin nümayəndələrinə qarşı ayrıseçkilik mövcuddur. Nə üçün qadın və qızlara qarşı ayrı seçkilik var? Qadınlara qarşı zorakılığın qarşısını alınmasıdakı kişilərin rolu nədən ibarətdir? APA TV-nin “Sosium” layihəsinin növbəti buraxılışında bu məsələ müzakirə edilib.
SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyasının ictimai vəkillik üzrə mütəxəssisi, sosioloq Cavid İmamoğlu hesab edir ki, Azərbaycanda gender bərabərliyi ilə bağlı anlayışlar qarışdırılıb: "Sanki kişilər qəddarlığı təmsil edir, kobudluğu təmsil edir, qadınlar isə nəzakəti təmsil edir". C. İmamoğlu onu da qeyd edib ki, bu gün dünyada hər üç qadından biri zoraklığa məruz qalıb. C. İmamoğlunun sözlərinə Azərbaycan reallığında qadınlara qarşı həddindən artıq zorakılıq var. Onlar özlərini təhlükəsizlik hiss etmirlər. Ən böyük zorakılıq elə məişət səviyyəsində aparılan zorakılıqdır". Sosioloq hesab edir ki, kişilərin qadınlara münasibəti, yanaşması dəyişməyincə, cəmiyyətin qadının yeri tam müəyyənləşməyəcək. "Nə islam dini, nə Azərbaycan dövlətinin qanunları heç bir halda qadının kişidən əskik olduğunu, qadının əqli baxımından kişidən zəif olduğunu iddia eləmir. Əksinə hər iki fərqli cinsin imkanlarının bərabər olduğunu tanıyır. Qadınlarla dördüncü, beşinci sort varlıqlar kimi rəftar olunur. Bu yolverilməzidr " - sosioloq belə deyib.
C.İmamoğlu Azərbaycan reallığında qadınlara qarşı stereotiplərin mövcud olduğunu söyləyib: "Qorxu və xof ilə qadını tərbiyyələndirmək olmaz. Yalnız sevgi ilə, nəzakətlə bu mümkündür. Gənc qızlarımız qardaşlarına zəng etməyə belə qorxurlar. Bunlara qarşı seksual hərəkətlər olur, amma zəng edib qardaşa demirlər ki, məni burada təhqir edirlər". Sosioloqun sözlərinə görə bu gün Azərbaycanda qadınla kişi arasında mövcud olan münasibətlərdə gərginlik yaşanmaqdadır və bu gərginlikdən bəzi qüvvələr istifadə etməyə çalışırlar: "Bəzən elə bilirlər ki, zorakılıq döymək, öldürməkdir. Halbuki, emosional zorakılıq nəyə desən dəyər. Bu gün kifayət qədər seksual, psixoloji zorakılığa məruz qalan qadınlar var". Sosioloq hesab edir ki, zorakılığa son qoymaq üçün onun mənasını dərk etmək lazımdır: "Gender çərçivələri dağıdılmalı və insanı inkişaf etdirəcək normal mühit yaranmalıdır". Kişinin qadına qarşı münasibətinin hələ uşaq yaşlarından formalaşdığını söyləyən sosioloq bunu bilavasitə ailə tərbiyəsi ilə əlaqələndirib.
Qız övladlarından imtina məsələsinə toxunan sosioloqun sözlərinə görə, bu gün Azərbaycan reallığında qız uşağı arzu olunmur: "2016-2017-ci illərin statistikası göstərir ki, Azərbaycanda qız övladlarının dünyaya gəlməsinə qarşı süni müdaxilələr var. Buna deyirlər, selektiv abort. Vəziyyət belə davam etsə, ölkəmizdə 205-ci ildə kəskin qız çatışmazlığı meydana gələcək. Bu da öz növbəsində ciddi demoqrafik gərginliyə səbəb olacaq". Sosioloq hesab edir ki, vəziyyətdən çıxış yolu abortu təbliğ etməmək, qız övladlarının dəyərini bilməkdədir.