"ABAD" bir ildə hansı işləri görüb?

Bu yaxınlarda prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılmasından 1 illiyi qeyd olunacaq. Prezident İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli fərmanı ilə yaradılan Ailə Biznesinə Asan Dəstək Mərkəzləri ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətinin dəstəklənməsi istiqamətində müxtəlif layihələr icra edir, əmək qabiliyyətli aztəminatlı ailələrin öz təsərrüfatlarını formalaşdıra bilmələri üçün onlara öz yardımını əsirgəmir. 
Ailə biznesini qurmaq istəyənlər “ABAD Mərkəz”dən necə yararlana bilər? “ABAD Mərkəz”ləri ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətinin dəstəklənməsi üçün hansı işləri görəcək? APA TV-nin “Sosium” layihəsinin növbəti buraxılışında ABAD publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev bu mövzu ilə bağlı sualları cavablandırıb.

R.Elçiyev deyib ki, "ABAD" publika hüquqi şəxsin yaradılmasında əsas məqsəd vətəndaş cəmiyyətinin Azərbaycanın sosial-iqtisadi həyatında fəal iştirakını təmin etmək, iqtisadiyyatın, yəni kiçik və orta sahibkarlığın, ailə təsərrüfatlarının inkişafına əlavə təkan vermək və təbii ki, məşğulluq səviyyəsinin artırılmasıdır: ""ABAD" burada kiçik və orta sahibkarlığa öz göstərdiyi xidmətlər dəstək olur və dayaq olur. Bu siyahıdan mən qeyd edə bilərəm ki, müasir tipli avadanlıqlardan istifadə və şəraitin yaradılması, marketinq, brendinq, dizayn xidmətlərinin göstərilməsi, maliyyə-mühasibat xidmətləri, hüquqi yardım xidmətləri, biznesin planlaşdırılması, qablaşdırma, daşınma və nəhayət ki, satışın təşkili. Pilot layihə olaraq "ABAD" Masallıda fəaliyyətə başlamışdır".

Rüfət Elçiyevin sözlərinə görə kiçik və orta sahibkarlara avadanlıqlar müvəqqəti verilir və dövlət əmlakı olaraq alır. "ABAD" rəhbəri bu qurum tərəfindən göstərilən digər xidmətlərə də toxunub:  "Azərbaycanda kiçik və orta sahibklarların içində vergi və maliyyə intizamının gücləndirilməsində də "ABAD"ın xüsusi rolu olur. Faktiki olaraq fəaliyyətimizin 140 yeni sahibkarlıq subyekti yaranmışdır".

Müraciətlərin əsasən internet üzərindən aparıldığını deyən R.Elçiyev, "ABAD"a hər kəsin müraciət etmək hüququnun olduğunu qeyd edib: "Hələlik pilot layihə olaraq özümüzə bu çərçivəni qoymuşuq ki, yalnız dekorativ xalq sənətkarlığı  üzrə məşğul olan sənətkar ailələri ilə məşğul oluruq və kənd təsərrüfatı istehsalı ilə məşğul olan ailələrə. Kənd təsərrüfatında işlər daha çətindir. Çünki orada müraciət edənin potensialı daha dərindən araşdırılır.   Çünki bilirsiniz, bazara çıxmaq elə də asan işı deyil. Və məhsulun davamını gözləmək lazımdır. Keyfiyyət davamiyyətli olmalıdır və keyfiyyətlə yanaşı həcmlər də daimi olmalıdır. Yəni rəflər boş qalmamalıdır".

Rüfət Elçiyev gələcəkdə turizm sahəsi üzrə də müəyyən işlərin görüləcəyini deyib: "Evlərini mehmanxana kimi istifadə vermək istəyən insanlar üçün gələcəkdə bu cür planlarımız var".

Əl işləri üzrə sənətkarlıqda əlillərə üstünlük verildiyini deyən Rüfət Elçiyev,bunun bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə də sıx əməkdaşlıq edildiyini vurğulayıb.

"ABAD"ın rəhbəri məhsulların satışı məsələlərinə də toxunub. O deyib ki,  bu günə qədər Masallı region üzrə 9 “ABAD”çının məhsulu satışa çıxarılıb, Balakən üzrə 12 ailəyə dəstək göstərilib: "Onlardan artıq 5-in məhsulu artıq satışdadır. Digərlərinin də məhsulları satışa hazır vəziyyətə gətirilir. Bu bu yaxınlarda biz supermarketlərə çıxmaq ərəfəsindəyik. Amma hal-hazırda satışa çıxarılan kənd təsərrüfatı məhsullarından danışırıqsa, burada suvenir xarakterli cem mürəbbələr və balları qeyd etmək lazımdır".

Rüfət Elçiyev deyib ki, hazırda "ABAD"ın 3 satış-sərgi müəssisəsi fəaliyyət göstərir: "İlk mərkəzimiz Novruz bayramı ərəfəsində İçəri Şəhər Dövlət Tarixi Memarlıq Qoruğunda istifadəyə verilmişdi, çox uğurlu olmuşdu. İkinci sərgi-satış mərkəzimiz Hava limanında, duty-free ərazisində yerləşir. Üçüncü sərgi satış mərkəzimiz isə Bakı şəhərində Dəmir yolu vağzalında yerləşir". Bunu da xüsusi qeyd etmək lazımdır. Bu da xarici vəsaitin Azərbaycanda akkumlyasiya etməsidir. Təbii ki, treninqlər də keçirilir. Biz “ABAD”çıları istiqamətləndiririk ki, satış üçün əlverişli olan məhsulları istehsal etsinlər".

"ABAD" rəhbərinin sözlərinə görə satılan məhsulların 80%-i turistlərin, 20%-i isə azərbaycanlıların payına düşür: "Daha çox Rusiya, İran və  ərəb ölkələrinin təmsilçiləri "ABAD"ın məhsullarını alır".

      

         

 

Müəllif | Apa.Tv
Apa.tv