Ana və uşaq ölümləri: günah kimdədir?
Son illərdə ana və uşaq ölümünün sayının azalmasına baxmayaraq ölkəmizdə bu problem olaraq qalmaqdadır. Elə sentyabrın 10-da İmişli sakini olan qadının Sabirabaddakı Perinatal Mərkəzdə doğuşdan sonra ölümü faktı ölkədə yenidən “Ana və uşaq ölümü” problemini gündəmə gətirib. Belə ki, İmişli rayonunun Qaraqaşlı kənd sakini, 1985-ci il təvəllüdlü Əzizova Nuranə Usubəli qızı sentyabrın 10-da Sabirabad Perinatal Mərkəzində səhər saatlarında oğlan uşağı dünyaya gətirib. Qadın elə həmin gün gecə saatlarında qəflətən dünyasını dəyişib. Doğuş zamanı ana və uşaq ölümünün səbəbləri nədir? APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında bu məsələyə aydınlıq gətirilib.
“Sosium” proqramının qonağı həkim Rəşad İsmayılzadə deyib ki, ana ölümünün nisbəti nə qədər aşağıdırsa, bu ölkənin səhiyyə sisteminin bir o qədər yaxşı olduğunu göstərir: "Görülən tədbirlər nəticəsində Azərbaycanda bu rəqəmlər get-gedə azalır. Səbəbləri əsas etibarilə doğuş zonasında qanaxma, hamiləliyin təzyiqli xəstəlikləridir. Bir sözlə əsas ölüm səbəbləri, hamiləliyin özünə bağlıdır".
R.İsmayılzadənin sözlərinə görə ana ölümlərinin 99%-i, kasıb, inkişaf etməkdə olan ölkələrin payına düşür: "Bu o deməkdir ki, varlı ölkələrdə həkim yanına getmək səbəbindən ölüm riski aşağıdır. Standart hamiləlikdə xanımlar minimum 4-7 dəfə ginekoloqa müraciət etməlidirlər".
Mütəxəssisin sözlərinə ana və uşaq ölümləri daha çox rayonlarda rast gəlinir ki, bu da xəstəxana yetişmək problemi ilə bağlıdır: "Eyni zamanda yüksək ixtisaslı həkimlərin sayı şəhərlə müqayisədə görə az olduğu üçün orada risk daha böyükdür. Bakıda ginekoloji xidmət yaxşı qurulub".
Rəşad İsmayılzadə qeysəriyyə yolu ilə doğulma məsələsinə də toxunub: "Xəstələri mümkün qədər normal doğuşa sövq etmək lazımdır. Təbii ki, qeysəriyyə olduğu zaman həm ana, həm də uşaq üçün risk faktorları meydana çıxır. Ana tamamilə qarantiyaya alınmalıdır, sonra uşaq barədə düşünülməlidir. Səhiyyə Nazirliyi xəstəxanalardan, həkimlərdən tələb edir ki, mümkün qədər qeysəriyyə kəsiyi edilməsin". Mütəxəssis hesab edir ki, ağrı qeysəriyyə əməliyyatına getmək üçün əsas deyil: "Xəstə normal doğa bilmirsə, o zaman qeysəriyyə əməliyyatı seçilir. Uşaq həddindən artıq böyükdürsə, o zaman qeysəriyyə yolunu seçmək olar".
Mütəxəssis deyib ki, bir dəfə qeysəriyyə əməliyyatını keçirmiş qadın, ikinci dəfə normal doğuş yolu ilə övladını dünyaya gətirə bilər: "Amma nə qədər vaxt keçsə, bir o qədər yaxşıdır". R.İsmayılzadənin sözlərinə görə 3 dəfə qeysəriyyə əməliyyatına icazə verilir.
"Hər bir hamiləlik prodiabetik bir haldır. Bəzən bu sərhədi keçib, hamiləlik şəkəri yarada bilər. Hamiləlik şəkəri anada deyil, uşaqda ciddi problemlərə yol aça bilər".