Ali məktəblərə qəbulda hansı dəyişikliklər edilib - ŞƏRH

2019-cu ildən tam, yəni 11 illik  orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında, eləcə də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında yeni təhsil standartları əsasında tərtib olunmuş qiymətləndirmə vasitələrindən istifadə olunacaq. Dövlət İmtahan Mərkəzində Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, DİM-in digər məsul işçiləri ilə təhsil nazirinin müavini Ceyhun Bayramovun başçılıq etdiyi nümayəndə heyəti arasında yeni modelinin yekun müzakirəsi keçirilib və ümumi razılıq əldə edilib. Buraxılış və qəbul imtahanları ilə bağlı hansı yeniliklər olacaq?

“Sosium” proqramının qonağı, təhsil sahəsi üzrə ekspert Kamran Əsədov deyib ki, 2019-cu ildən etibarən ali məktəblərə qəbul qaydalarında ciddi dəyişikliklər həyata keçiriləcək: "Əsas dəyişikliklərdən biri ondan ibarətdir ki, hal-hazırda qüvvədə olan 4 ixtisas qrupunun hər birinə 5 fənn daxildir. Bundan əlavə orat ixtisas məktəblərini bitirmiş şəxslər 3 fənndən - Azərbaycan dili, riyaziyyat və xarici dildən buraxılış imtahanı verirlər. 2019-cu ildə tətbiq ediləcək yeniliyə görə isə fənnlərin sayında azalma olacaq. Onu da deyim ki, buraxılış imtahanına düşən fənnlər, qəbul imtahanında təkrar olunmayacaq".  Təhsil eksperti hesab edir ki, bu gün ali məktəblərə qəbul fənnlərin sayı, sualların ağırlığına görə bir qədər ağırdır: "2019-cu ildən etibarən buraxılış və qəbul imtahanlarında toplanan ballar cəmlənəcək. Buraxılış imtahanının nəticələri qəbul imtahanına təsir göstərəcəyinə görə şagirdlər orta məktəblərdəki qiymətlərdə maraqlı olacaqlar. Bu orta məktəblərimizin inkişafına, bu sahəyə marağın artmasına gətirib çıxaracaq".  

Kamran Əsədov yeni dəyişiklilkərdə 1992-ci ildən bəri öyrəşdiyimiz ixtisas qrupları nəzərdə tutulmayıb: "Konkret istiqamətlər olacaq. Humanitar ixtisaslara getmək istəyirsiniz, humanitar istiqaməti seçəcəksiniz və əlavə fənnlərə getməyəcəksiniz". Təhsil eksperti hesab edir ki, bu mütəxəssis olmaq baxımından əlverişli olacaq. Ekspertin sözlərinə görə bu hazırlıq kurslarına və repetitorçuluğa zərbə vuracaq: "Hesab edirəm ki, 2019-cu ildən tətbiq ediləcək yenilik Azərbaycan təhsilinə inqilabi dəyişikliklər gətiriləcək".

Test imtahanına toxunan ekspert deyib ki, ali məktəblərə qəbul imtahanı bundan sonra da test üsulu ilə həyata keçiriləcək: "Test ən mütərəqqi seçim üsuludur. dünyada testin 36 növü var. Təkcə qəbul imtahanı olmayacaq, əlavə esselərdən, inşa yazılardan da istifadə oluna bilər. Yəni nə üçün hüquqşünas olmaq istəyini bir essedə təsvir etməlisən". Ekspertin sözlərinə görə buraxılış imtahanlarının nəticələrinə görə artıq ali məktəblərin ödənişli ixtisaslarını da seçmək mümkün olacaq. Ekspert onu da qeyd edib ki, sualların sayında azalma müşahidə ediləcək.

Kamran Əsədov deyib ki, test imtahanının nəticələrinin yoxlanmasında insan faktorunun olmasından söhbət gedə bilməz: "Əvvəlki illərdə olduğu kimi ədalətli şəffaf prinsip qorunub saxlanılacaq".          

 

Müəllif | Apa.Tv
Apa.tv