"Qarabağ"-"Roma" oyunundan sonra avtobus qalmaqalı: BNA günahkardırmı?

Sentyabrın 27-də Bakı Olimpiya Kompleksində “Qarabağ”-“Roma” oyunu zamanı azarkeşlərin stadiona çatdırılması və oranı tərk etməsi zamanı müəyyən xoşagəlməz hallar yaşanıb. Həmin gün futbol həvəskarı olan sərnişinlərin oyundan əvvəl stadiona və sonra metro stansiyalara daşınması zamanı bəzi problemlərlə üzləşməsi barədə məlumatlar yayılıb. Sərnişinlərin əvvəlcə bəyan olunan ünvanlara daşınmasında müəyyən çətinlik yarandığından minlərlə insan yağışın altında qalıb. Bu isə onların narazılığına və bu məsələnin sosial şəbəkələrdə geniş müzakirəsinə səbəb olub. APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında azarkeşlərin daşınması zamanı yaranan problemin səbəblərinə aydınlıq gətirilib.

Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev deyib ki, BNA tərəfindən hazırlanan plana əsasən ilkin olaraq ekspress xətt avtobuslarının Bakı Olimpiya Stadionunun ictimai nəqliyyat terminalına giriş-çıxışı üçün bütün zəruri imkanlar yaradılıb: "Sərnişinlərin daşınması prosesi, avtobusların tıxacda qalma ehtimalına görə bir qədər tez başlanmışdı. Daha çox Gənclik istiqamətində bir qədər narahatlıq yaşanırdı ki, bu da tıxacdan irəli gəlirdi. Amma Dövlət Yol Polisinin əməkdaşları ilə birgə koordinasiya nəticəsində avtobusların rahat çatması təmin edilirdi. Ümumilikdə 261 nəqliyyat vasitəsilə 21.650 sərnişin Bakı Olimpiya Stadionunun ərazisinə gətirilib".

Qurum rəsmisinin sözlərinə görə sərnişin çoxluğu və havanın yağışlı olması səbəbindən 18.00-19.00 radələrində narahatlıq yaşandı: "Bu səbəbdən daha çox sərnişin metroya üz tutmuşdu. M.Ağayev deyib ki, Bakı Nəqliyyat Agentliyinin 70-ə yaxın əməkdaşı, daşıyıcılarıdan isə 68 nəfər ictimai nəqliyyat terminalına cəlb edilmişdi.

Qurum rəsmisinin sözlərinə görə, bəzi sərnişinlər daha rahat getmək, boş oturacaq yerləri axtardıqlarına görə, stadiona gec gəlib çıxmışdılar.

Mais Ağayev sərnişinlərin oyundan sonra daşınması prosesinə də toxunub: "Oyun başladıqdan sonra, artıq 20.30-da bütün perronlarda avtobuslarımız hazır vəziyyətə gətirilmişdi. 400 avtobusdan 270-i ilə sərnişinlər daşındı, qalan avtobuslar boş qaldı. Oyundan sonra 22.640 nəfər sərnişin təyin olunmuş Qara Qarayev və Gənclik stansiyalarına daşınıb". Sosial şəbəkələrdə əlillərin daşınması haqqında yazılan tənqidi şərhlərə münasibət bildirən Mais Ağayevin sözlərinə görə BNA əlillərin daşınması ilə bağlı qeyri-peşəkarlıq nümayiş etdirməyib.

"Saytlarda yayılan videoların demək olar ki, hamısı ekspress xətt avtobusları üçün ayrılan yerlərdə çəkilməyib. Oyun bitməmişdən əvvəl 430 avtobus ayrılmışdı. Biz azarkeşləri ikinci hissədən gözləyirdik. Amma oyunun başlanmasından 20 dəqiqə sonra stadionu tərk edən tamaşaçımız var idi. Biz onları yağışın altında qalmamaları üçün avtobusa dəvət edirdik. Oyun bitməsinə 15-20 dəqiqə qalmış sərnişin axını daha da artdı" - Mais Ağayev belə deyib. Qurum rəsmisi onu da əlavə edib ki, BNA təlimatçıları stadionun yaxın ərazilərində səsgücləndiricilər vasitəsilə tamaşaçılara istiqamətlər barədə məlumat verirdilər.  

      

 

 

 

 

 

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv