Azərbaycanda SMM xidməti şirkətlərə qazanc gətirə bilirmi?
Bu gün sosial media həyatımızın ayrılmaz hissəsinə çevrilib. Hazırda dünyada 2 milyarda yaxın, Azərbaycanda isə 3 milyona yaxın insan sosial şəbəkə istifadəçisidir. Marketinq nöqteyi-nəzərindən baxsaq, 3 milyona yaxın auditoriya Azərbaycanda ən böyük auditoriyadır. Müasir dövrdə şirkətlərə potensial müştəri qazandıra biləcək platforma sosial şəbəkələr olduğu üçün onlar sosial şəbəkə hesablarının düzgün idarə olunmasında, sosial şəbəkələr vasitəsilə müştəri məmnuniyyətinin qazanılmasında, burada reklam yerləşdirməkdə, sosial şəbəkələr vasitəsilə satışlar etməkdə daha çox maraqlıdırlar. Elə buna görə də son dövrlərdə şirkətlərin rəqəmsal marketing və SMM-ə ayırdığı vəsaitlərin həcmi artıb. Məhz bu səbəbdəndir ki, bütün dünyada olduğu kimi son dövrlərdə Azərbaycanda da Rəqəmsal marketinqin ən aktiv qolu sayılan Sosial Media Marketinq, yəni SMM xidmətindən geniş istifadə olunur. Biznes subyektlərinin marağını cəlb edən SMM xidmətindən Azərbaycanda yetərincə istifadə edilirmi? Bu xidmət şirkətlərin qazancını necə artırır?
Apamark şirkətinin SMM üzrə mütəxxəsisi Səbinə Abışova Azərbaycan SMM xidmətinin yeni olduğunu deyib: "SMM şirkəti ilə sifarişçi arasında hüquqi müqavilə bağlanmadığı halda narazılığa səbəb olur. Yaxşı olardı ki, SMM xidməti göstərən şirkətlə sifarişçi şirkət arasında müqavilə bağlanılsın və bütün şərtlər bəndlərlə göstərilsin. Postların məzmununun nədən ibarət olacağını həmin bəndlərdə vurğulansın". Saəbinə Abışovanın sözlərinə görə SMM xidmətinə inamsızlığı "freelance" xidmət göstərənlər və qeyri-peşəkar şirkətlər yaradır.
Apamark şirkətinin SMM üzrə mütəxəssisi Leyla Süleymanovanın sözlərinə SMM mütəxəssisi ölkə və dünya gündəmini mütəmadi izləməli, rəqiblərini yaxşı tanımalıdır: "Bəzi şirkətlərin səhifələrinə baxdıqda qrammatik səhvlərin olduğunu görürük. Şirkətlərə tövsiyə edərdim ki, işini bilən PR və marketinq şirkətləri ilə əməkdaşlıq etsinlər".
Səbinə Abışova hesab edir ki, geyim mağazasının turizm səhifəsi turizm şirkətinin səhifəsi ilə müqayisədə daha çox gəlir əldə etmiş olur: "Lakin SMM-ə də tam bel bağlamaq olmaz. SMM tam gəlir əldə etmək demək deyil". Mütəxəssis "freelance" işləyənlərərin fəaliyyətinə də toxunub: "Həftədə 3 post hazırlayıb, ona 100-150 manat alırsa, təbii ki, bu onun üçün az məvacibdir. O çalışacaq ki, əlavə 3-4 şirkətlə işləsin. Burada artıq keyfiyyətə yox, kəmiyyətə üstünlük verəcək. Vaxtını düzgün bölməməsinə görə şirkətin imicinə zərər vuran postlar paylaşa bilər".
Leyla Süleymanova çox vaxt şirkətlərin strategiyasına uyğun olmayan postların paylaşıldığını deyib: "Bu da şirkətin mütəxəssislə deyil, sıravi şəxslərlə işləməyindən irəli gəlir".
Səbinə Abışova turizm və tikinti sahəsində fəaliyyət göstərən şirkətlərin arasında sosial media rəqabətinin olmadığını deyib.
Leyla Süleymanova şirkətin və ya SMM xidmətinin rəylərə strateji baxımından yanaşmasının vacib olduğunu deyib: "Məsələn bir izləyici yazıb ki, mən sizin şirkətinizi bəyənmirəm, vəya yaza bilər ki, siz müştərini aldadırsınız. Həmin şəxsi qətiyyən qırmaq olmaz, onu şirkətə dəvət etmək olar ki, iş prosesinin şahidi olsun. Bunun nəticəsində bir müştəri qazanmış oluruq".
Sabinə Abışova deyib ki, sosial mediada mütəxəssislə yanaşı marketoloq da, dizayner də güclü olmalıdır.