Qış gəlir: "Azəriqaz" nə sürpriz edəcək?
“Azəriqaz” İstehsalat Birliyi tərəfindən hər il payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər planı hazırlanır. Adətən İstehsalat Birliyi tərəfindən may ayından başlayaraq oktyabr ayınadək payız-qış mövsümünə hazırlıqla bağlı müvafiq tədbirlər görülür. Hər il soyuq aylarda əhalini bir sual düşündürür. Görəsən, bu il təbii qaz təchizatında problem olacaqmı? Soyuq aylarda abonentlərin keyfiyyətli və fasiləsiz təbii qazla təmin etmək üçün hansı işlər görülüb? APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında "Azəriqaz" İstehsalat Birliyi tərəfindən payız-qış mövsümünə hazırlıqla bağlı görülən tədbirlərdən danışılıb.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev deyib ki, əhalinin qaza olan tələbatı artdıqca, təbii qazın verilişi də artır. Qurum rəsmisinin sözlərinə görə "Azəriqaz" İB fəsildən asılı olmayaraq xətlərdə təmir işləri aparsa da, hər hansı qəza hadisəsinin baş verməsi qaçılmazdır. Yeni tikilmiş binaların qaz təhcizatı məsələsinə toxunan İ.Kərbalayevin sözlərinə görə bütün zəruri sənədləri qaydasında olan binaların qazlaşdırılmasında heç bir problem yoxdur: "Onu da qeyd edim ki, fərdi yaşayış evlərində istifadə olunması üçün qaz sayğacları "Azəriqaz" İB vəsaiti hesabına təmin olunur". Qurum rəsmisi deyib ki, hazırda yeni 63420 yeni abonent "Azəriqaz" İB tərəfindən qeydə alınıb. İ.Kərbalayev itirilmiş və zədələnmiş smart kartların bərpası işlərinin "ASAN Xidmət" və "ASAN Kommunal" mərkəzlərində aparıldığını deyib. Limiti keçmə məsələsinə toxunan qurum rəsmisi əlavə edib ki, qaz sərfiyyatında 1700 kub metri keçdikdən sonra tarif 0,20 qəpiklə hesablanır.
"Sosium" proqramını tam olaraq www.apa.tv saytında izləyə bilərsiniz.