Ölkədə ürək qüsurlu uşaqların sayının artmasına səbəb nədir?
Statistikaya görə, Azərbaycanda hər doğulan 1000 uşaqdan 14-ü ürək qüsuru ilə doğulur. Ürək qüsuru ilə doğulan körpələrdən 25 faizi ilk 6 ay müddətində tələf olur. Son 5 ildə Azərbaycanda təxminən 2000-ə yaxın ürək qüsurlu uşaq əməliyyat olunub. 2018-ci ilin Dövlət büdcəsinin Milli Məclisin komitələrində müzakirəsi zamanı bu problemə diqqəti yönəldilərək bildirilib ki, ürək qüsuru ilə doğulan körpələrin əməliyyatı üçün əlavə vəsaitə ehtiyac var. Ölkədə ürək qüsurlu uşaqların sayının artmasına səbəb nədir? Yeni doğulmuş uşaqlarda bunu necə bilmək olar? Belə xəstələrin müayinə və müalicəsi üçün hansı işlər görülür? APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında bu məsələ müzakirə edilib.
Kardioloq Oqtay Musayev deyib ki, uşaq hələ ana bətnində ikən ürək qüsurları aşkar oluna bilər: "Hər qüsur bədbin və yaxud naxoş qarşılanmamalıdır. Qüsurlar var ki, onlarla ömrün sonuna qədər yaşamaq olar". Kardioloqun sözlərinə görə bütün dünyada olduğu kimi Azərbaycanda da ən geniş yayılmış ürək qüsuru sadə qüsurlardır. "Uşaqda hər göyərməni qüsur kimi görmək düzgün deyil" - Oqtay Musayev belə deyib. Kardioloq onu da əlavə edib ki, qan analizi ilə ürək qüsurunu müəyyən etmək təcrübəsi yoxdur. O.Musayev hazırda ürək qüsurlu uşaqlar üzərində əməliyyatların yerli mütəxəssislər tərəfindən aparıldığını bildirib. Ürək qüsurlarının coğrafi asılılığının olmadığını deyən kardioloq, bu cür xəstəliklərə daha çox qız uşaqlarında rast gəlindiyini vurğulayıb.
"Sosium" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.