Artıq eyni mənzili bir neçə nəfərə satmaq mümkün olmayacaq! - EKSPERT

Azərbaycanda tikintisi başa çatmayan binaların tərkib hissələrinin, yəni mənzillərin alqı-satqısı, həmin binalarda mənzil əldə edən şəxslərin mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı çoxlu çatışmazlıqlar, mənzillərin eyni zamanda bir neçə şəxsə satılması kimi sui-istifadə hallarının aradan qaldırılması üçün tam yeni bir mexanizm yaradılacaq. Artıq “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi hazırlanıb. Layihədə tikintisi başa çatmayan binadan mənzil almaq üçün yeni ödəniş qaydaları da müəyyənləşib.  APA TV-nin "Sosium" layihəsində daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov mövzu ilə bağlı suallara aydınlıq gətirib.

 

Ekspert deyib ki, yeni qanun layihəsinə görə tikinti şirkəti tikdiyi binanın açıq bazarda alqı-satqısını yalnız notarial qaydada həyata keçirə bilər: "Həmin tikinti şirkəti ilkin qeydiyyatı aparmalıdır. Vətəndaş artıq əlində kağız parçası ilə yox, Dövlət Reyestr Xidməti tərəfindən təsdiq edilmiş ilkin qeydiyyat sənədini alacaq".   N. İbrahimovun sözlərinə görə vətəndaş bundan sonra aldığı mənzili torpaq sahibi olan tikinti şirkətini məlumatlandırmaqla notarial qaydada başqa birinə sata biləcək. Ekspert deyib ki, təklif olunan dəyişikliklərdə mərhələli ödəniş qaydaları nəzərdə tutulur: "Özül mərhələsində 30%, sonra 10%, bina istismara qəbul olunandan sonra yerdə qalan 5%-i ödəyəcəkdir". Nüsrət İbrahimov onu da qeyd edib ki, vətəndaşın əlində hüquqi sənəd olmadığından, o qeydiyyata düşə bilmir.

 

Ekspert hesab edir ki, bu gün tikinti şirkətləri mənzilin dövlət tərəfindən istismarı aktının əldə edilməsində maraqlı deyillər: "Çünki tikinti şirkəti mənzili satan tərəfdən öz rüsumunu alır".

 

"Sosium" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytın izləyə bilərsiniz. 

Müəllif | Apa.Tv