Əlillər işlə təminatda hansı problemlərlə üzləşir?
Azərbaycanda əlil insanların sayı ümumi əhalinin 6%-ə qədərini təşkil edir. Bu gün əlilliyi olan 624 min nəfərin 323 min nəfəri əmək qabiliyyəti yaşda olan əlillərdir. Təəssüf ki, bunların çox az hissəsi - təqribən 10%-ə yaxını işləyən əlillərdir. Əksər ölkələrdə olduğu kimi, hazırda Azərbaycanda da əlilliyi olan şəxslərin işlə təminatında, işə götürülməsində müəyyən problemlər ortaya çıxır. Bəs əlillər işlə təminatda hansı problemlərlə üzləşir? İşləyən əlillər üçün hansı güzəştlər var? APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında bu məsələ müzakirə edilib.
Əlil Təşkilatları İttifaqının rəhbəri Davud Rəhimli deyib ki, çoxlu səylərə baxmayaraq, "Təhsil haqqında Qanuna" inklüziv təhsil haqqında maddə daxil edilməyib. D.Rəhimli hesab edir ki, əlillərin işlə təmin edilməsi ilə bağlı qanunlarla onları icra mexanizmi arasında fərqlər var: "Bu həm təhsil, həm məşğulluq, həm infrastrukturun uyğunlaşdırılması üzrə özünü göstərir. Nə qədər insanların düşüncəsində dəyişiklik olmayıb, əlilliyi olan insanlara münasibət dəyişməyibsə, qeyd etdiyimiz problemləri görəcəyik".
Davud Rəhimli qeyd edib ki, müəssisə əlilliyi olan insanların işə qəbulundan öncə şərait yaratmalıdırlar: "Bu şəraitin yaradılması üçün məsrəflər, xərclər daha çox tələb olunur. Bunlar olmadığı üçün insanlar məşğulluqlarını təmin edə bilmirlər". D.Rəhimli son illər bəzi müəssisələrin əlilliyi olan insanların işlə təmin edilməsinə maraq göstərdiklərini də istisna etməyib.
Qurum rəsmisi onu da deyib ki, təhsili məşğulluqla əlaqələndirmək vacibdir: "Təhsil müəssisələri əlilliyi olan insanların təhsil almasını təmin etməlidirlər ki, onlar sonradan məşğulluqlarının təmin olunması istiqamətində işlər görsünlər".
"Sosium" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.