"ASAN Radio"da hansı yeniliklər olacaq?
Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə yaradılan "ASAN Radio" 24 dekabr, 2015-ci il tarixdə yayıma başlayıb. Xəbər istehsalçısı olan “ASAN Radio” məlumatları dinləyicilərə operativ şəkildə çatdırır. Bir sıra uğurlu layihələrə imza atan “ASAN radio” yeni ildə hansı yenilikləri ilə dinləyiciləri sevindirəcək? APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC-nin “ASAN Radio” departamentinin rəhbəri Emin Musavi "ASAN Radio"nun mövcud fəaliyyəti və planlarından danışıb.
Emin Musavi deyib ki, "ASAN Radio" Azərbaycan ərazisinin 70%-ni əhatə edir: "ASAN Radio" həm də onunla seçilir ki, biz sosial media da fəalıq. Bütün müasir cihazlarda biz varıq. Bizi rahatlıqla yükləyib dinləmək olar". E.Musavinin sözlərinə görə dövlət rəsmilərinə ünvanlanan, lakin canlı yayımda cavablandırılmayan suallar qısa müddətdə dinləyicilərə çatdırılır.
Hazırda "Soyuq əllər, isti ürək" layihəsində media partnyor kimi çalışdıqlarını deyən Emin Musavi, tərəfdaş kimi çıxış etdikləri digər layihələr barədə də məlumat verib.
Qurum rəhbərinin sözlərinə görə "ASAN Radio" hazırda gələcək üçün yeni media mütəxəssisləri yetişdirir: "Bir sıra universitetlərlə sıx əməkdaşlığımız var. Çalışırıq ki, gənc jurnalistlər, gələcəyin peşəkarları bu ab-havanı daxildən görsünlər. Artıq bizdə təcrübə keçən 5 nəfər könüllü, ilk olaraq bizdə işə başlayıblar".
Radionun mədəniyyət siyasətindən danışan Emin Musavi deyib ki, burada əsas prioritetlərindən biri milli musiqinin təbliğidir.
Emin Musavi həmçinin "ASAN Radio" ilə APA Holdinq arasındakı əməkdaşlıqdan da danışıb.
"Sosium" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.