Əmək pensiyaları yenidən necə hesablanacaq? - QURUM RƏSMİSİNDƏN AÇIQLAMA

“Əmək pensiyaları haqqında” qanuna təsdiq edilən yeni qaydalara görə, 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarının baza və sığorta hissələrinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsi hesab edilir. Qaydalarda yaşa görə əmək pensiyalarının, əmək pensiyaları təyin edilərkən sosial sığorta stajının eləcə də ailə başçısını itirməyə görə əmək pensiyalarının hesablanması qaydaları açıqlanıb. Bəs əmək pensiyaları yenidən necə hesablanacaq? APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında yeni qaydalara aydınlıq gətirilib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Aparatında şöbə müdirinin müavini Eyvaz İsmayılov yeni qaydaları ətraflı şəkildə izah edib. O deyib ki, pensiyaların baza hissəsi anlayışı artıq ləğv olunub. E.İsmayılovun sözlərinə görə dəyişikliklərdən biri kişilərdə yaş həddinin 63 yarıma, qadınlarda isə 60 yarıma qədər artırılmasıdır: "Həmin şəxslərin fərdi hesablarının sığorta hissəsində ən azı 15.840 manat kapitalı olmalıdır. Bu kapital yoxdursa, həmin şəxslərin 25 il iş stajı olmalıdır". Qurum rəsmisi həmçinin onu da bildirib ki, fərdi hesabında kifayət qədər vəsaiti olmayan şəxslərin özləri, fərdi hesaba minimum vəsait ödəməklə pensiya əldə etmək hüququna malik olurlar. Eyvaz İsmayılov fərdi hesabdakı məbləğin hesablanması qaydasına da aydınlıq: "Bütün kateqoriyadan olan şəxslər üçün iş stajının hər ili üçün 2006-cı ilə qədər 306 manatdan fərdi hesablarda qeydiyyat aparılır". 

 

Qurum rəsmisi həmçinin ailə başçısını itirməyə görə nəzərdə tutulan pensiya ilə bağlı sualları cavablandırıb: "Ailə başçısını itirməyə görə pensiyanın hesablanması qaydası, əlilliyə görə pensiyanın hesablanması qaydası ilə eynidir. Vəfat etmiş şəxsin vəfat etdiyi yaşına uyğun əmək qabiliyyəti yaş dövrü üçün sığorta stajı olmalıdır".  

 

"Sosium" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.  

Müəllif | Apa.Tv