Kamran Əliyev: ““Azerispace-1” peykinin mövcud tutumunun 50 faizdən çoxu artıq realizə edilib”
Azərbaycanın kosmik fəzaya çıxarılmış ilk peykində - "Azerspace-1"də artıq 60-dan çox kanal yayımlanır. Bu barədə APA TV-də yayımlanan "Sosium" verilişinin qonağı olan “Azərkosmos” ASC-nin ictimaiyyətlə əlaqələr üzrə meneceri Kamran Əliyev bildirib. Onun sözlərinə görə, peykin əlverişli nöqtədə durması səbəbindən obyektin tutumunun 50 faizdən çoxu artıq realizə edilib: "Hal-hazırda "Azerspace-1"in tutumları daha çox televiziya və radio yayımlarına yönəlik realizə olunur. Paytaxtdan yayımlanan kanalların demək olar ki, hamısı peykə qoşulub. Bir neçə ölkələrin kanallarını da burada görmək olar. Maraq göstərənlər çoxdur. Çalışırıq ki, peykə rəqabətli, baxımlı kontingent yığaq ki, qısa zamanda böyük auditoriya toplasın. Bunun üçün yerli kanallarla yanaşı, Azərbaycanlıların çox sevdiyi Türkiyə, Rusiya kanalları da bizim peykdən yayımlanır və getdikcə onların sayını artıracağıq".
O ki qaldı regional kanallara, “Azərkosmos” rəsmisi deyir ki, hələ onlardan heç biri peykə çıxmayıb: "Amma danışıqlar gedir. Demək olar ki, hamısı müraciət edib. Bizdən asılı olmayan səbəblər var. Gərək onların texniki təhcizatı yetərli olsun ki, kanalın siqnalını peykə yönəldə bilsinlər. Bizim xidmətlərimiz hər kəs üçün açıqdır".
Qiymət məsələsi isə gəldikdə isə Kamran Əliyev bunun kommersiya sirri olduğunu deyib və bu səbəbdən da açıqlanmasını düzgün hesab etməyib: "Qiymət məlumatlarını açıqlaya bilmərik. Amma onu deyə bilərəm ki, qiymətə bir çox amillərin təsiri var. Yəni, bəli bir qiymət yoxdur. Xidmətlərdən, müştərinin özünün texniki təchizatından və yerləşmə coğrafiyasından asılı olaraq qiymətlər dəyişir. Bütün bunlar nəzərə alaraq müştərilərlə fərdi və individual müzakirələr aparılır və bazar mühiti fonunda qiymətlər formalaşır".
Kamran Əliyev qısa müddət ərzində peykin böyük maraq doğurmasını onun yerləşdiyi coğrafi məkan və əhatə dairəsinin geniş olması ilə əlaqələndirib: "Əsilində peykin resursları daha çox xarici bazar üçün nəzərdə tutulurdu. Daxili bazar üçün 20 faiz tutum hesablanmışdı. Lakin ehtiyac olarsa, daxili bazar üçün nəzərdə tutulan həcmi artıra bilərik. O da sevindiricidir ki, həm peykin əlverişli nöqtədə durması, həmdə ən son texnoloji avadanlıqlarla təchiz edilməsi xarici bazarda da böyük maraq doğurub. Bu səbəbdən qısa zamanda bizə xeyli müraciətlər olub. "Azerspace-1" peykinin təkmil texnoloji dizaynı və geniş qoşulma imkanları dünyanın təqribən 1/3 hissəsini xidmətlə əhatə etmək imkanı verir. Bu da o deməkdir ki, milyonlarla insan müasir informasiya və rabitə xidmətlərindən bu peyk vasitəsi ilə rahat istifadə etmək fürsətini qazanıb. Başqa sözlə, ilk peykimizin əhatə dairəsi Qafqaz ölkələri, Mərkəzi Asiya, Yaxın Şərq, Avropa və hətta Afrikaya kimi gedib çıxır”.
Kamran Əliyevin sözlərinə görə, 8 fevral 2013-cü il tarixində orbitə buraxılan "Azerspace-1" peyki düz 11 gündən sonra müəyyən olunmuş yerə çatıb və bu gün artıq peyk 46 dərəcə Şərq uzunluğunda orbital mövqedədir.