Uşaqların 1-ci sinfə qəbul qaydalarında hansı dəyişikliklər olacaq? - QAYDALAR
Bu gün valideynləri maraqlandıran mövzulardan biri olan birinci sinifə qəbulla bağlı qaydalarıdır. Bakıda I sinfə elektron qəbul zamanı hansı problemlər yaranır? Bəzi valideynlər niyə yaşadıqları ərazidə yerləşən məktəbi seçə bilmir? APA TV-ni9n “Sosium” layihəsinin növbəti buraxılışında bu məsələ müzakirə olunub.
Bakı Şəhər Təhsil İdarəsinin İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva deyib ki, birinci sinfə şagird qəbulu artıq 4-cü ildir ki, elektron sistemlə keçirilir: "Ötən il tətbiq edilən yeniliklərdən biri də bu idi ki, vətəndaş, yəni valideyn öz ərazisində yaşadığı istənilən məktəbi, bölməni və hətta müəllimi də sistem vasitəsilə keçdi. Beləliklə yalnız sənədlərini məktəbə aparmaqla, övladını birinci sinfə qəbul etdirdi. Bu il də həmin qaydalar olduğu kimi qalır. Yeni qaydalardan biri, elektron sistemlə qəbulun əhatə dairəsi genişlənmişdir. Bakı şəhərində birinci sinfə qəbul fevral ayının 22-dən başlayacaq. Yəni sabah saat 10.00-da valideynlər mektebeqebul.edu.az saytına daxil olub, övladları üçün istənilən məktəbi seçə bilərlər. Bölgələrdə isə Abşeron, Sumqayıt və Gəncə şəhərində tətbiq edilməsi nəzərdə tutulub. Abşeron, Sumqayıt və Gəncədə qəbul mart ayının 12-dən başlayacaq". İlhamə Abdullayevanın sözlərinə görə həm bölgələrdə, həm də Bakı şəhərində 5 yaşı tamam olan 65% uşaqlar hazırlıq qruplarına cəlb olunublar: "Burada valideynin övladı ödənişsiz təhsil alır. Ödəniş dövlət tərəfindən olur. İlk dəfə onlara bu xidmət də təklif olunur ki, həmin valideynlərin yenidən qeydiyyatdan keçmək, yenidən məktəb seçmək imkanları qalmayıb. Sabah həmin valideynlərin övladları üçün avtomatik sistem tərəfindən sorğu yerləşdiriləcək. Bu da o səbəbdəndir ki, əgər məktəbəhazırlıq qrupunda oxuyan uşaqlar valideynin istəyidirsə, bir sinifdə komplektləşəcək. Valideyn bilir ki, övladı məktəbəhazırlığa gedirsə, həmin məktəbdə də birinci sinifdə də oxuyacaq". İ.Abdullayeva onu da qeyd edib ki, valideynin daxil olaraq sorğunu yeniləmək imkanı var.
İlhamə Abdullayeva deyib ki, Bakə şəhərindəki lisey və gimnaziyalara qeydiyyat 22 fevral-31 may tarixlərində aparılacaq: "Müsabiqənin keçirilməsi iyun ayına planlaşdırılır. Burada da yeniliklərdən birini də nəzərinizə çatdırmaq istəyirəm ki, lisey və gimnaziyanın xidməti ərazisində yaşayan valideynlər əgər həmin liseyn və gimnaziyanı övladları üçün seçmək istəyirlərsə, bu zaman onlar üçün yeni bir şərait yaradılıb. Bu şərait ondan ibarətdir ki, onlar sistemə daxil olaraq, həmin məktəbi seçdikdə, artıq onların övladları müsabiqədənkənar həmin lisey və gimnaziyalara qəbul ediləcəklər. Bir üstünlük də ona görə verilib ki, əgər vətəndaş həmin məktəbin xidməti ərazisində yaşayırsa, icbari təhsilə cəlb olunduğu üçün ona o şərait yaradılıb".
Qurum rəsmisi bölgələrdə birinci sinfə qəbulla bağlı tətbiq edilən ərazi prinsiplərindən də danışıb: "Birinci sinfə qəbul zamanı bu il artıq ilk dəfə Abşeron, Gəncə və Sumqayıtda tətbiq olunduğu üçün ərazi prinsipi tətbiq olunmayacaq. Orada maraqlı və yaxşı məqam ondan ibarətdir ki, cəmi 3 bölgə üzrə 16-17.000 şagird qəbulu proqnozlaşdırılır". İ.Abdullayevanın sözlərinə görə bölgələrdə yaşayan valideynlər övladlarını yerləşdirmək üçün heç bir əziyyət çəkməyəcəklər: "Yalnız daxil olub, ərizəni çap edib, sənədlərlə birlikdə məktəbə təqdim edəcəklər".
İlhamə Abdullayeva qeydiyyat sənədlərinə də aydınlıq gətirib: "Elektron qeydiyyatdan keçmək üçün valideynlərdən, yaxud qanuni nümayəndənin hər hansı birinin şəxsiyyət vəsiqəsi, övladın ya doğum haqqında şəhadətnaməsi, bir də işlək mobil nömrənin olması məqsədə müvafiqdir. Elektron sistemdən qeydiyyatdan keçdikdən sonra, elektron ərizə çap olunur. Valideyn şəxsi kabinetdən çıxartdığı ərizə ilə birlikdə, valideynin və uşağın şəxsiyyətini təsdiq edən sənəd, uşağın sağlamlığı haqqında tibbi arayış, 2 ədəd 3x4-ə rəngli fotoşəkil ilə birlikdə məktəbə yaxınlaşır. Bakı şəhərində sənəd qəbulu beşinci və altıncı günlərdir". Qurum rəsmisi qeyd edib ki, sənəd qəbulu zamanı yeniliklərdən biri də budur ki, valideyn uşağı özü ilə birlikdə məktəbə aparmır, yalnız sənədləri təqdim edir.
İdarənin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov deyib ki, elektron sistemin tətbiq edilməsinin faydalarından biri, valideynlər üçün vaxt itkisinin qarşısının alınmasıdır. B.Məmmədov onu da qeyd edib ki, birinci sinfə elektron qəbulla bağlı məlumatlandırma və maarifləndirmə işi yüksək səviyyədə aparılır: "Ənənəvi media ilə yanaşı sosial medianın imkanlarının geniş olduğunu nəzərə alaraq, Bakı Şəhər Təhsil İdarəsinin "facebook" səhifəsində fevral ayının 22-dən mart ayının 22-ə qədər birbaşa sual-cavab təşkil edilmiş və sabahdab buan start veriləcək".
"Sosium" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.