Yanğın fonunda gündəmə gələn sual: "Narkomanların müalicəsi necə aparılır?
Bu gün səhər saatlarında Bakının Xətai rayonundakı Respublika Narkoloji Mərkəzində baş verən yanğın 25 nəfərin həyatına son qoydu. Hadisə yerinə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və digər dövlət rəsmiləri baş çəkib. Prezident yanğının nəticələrinin tezliklə aradan qaldırılması ilə bağlı tapşırıq verib. Bu gün ölkəmizdə "ağ ölüm"lə mübarizə aparmaq istəyən insanların sayı heç də az deyil. Ümumiyyətlə bu pis vərdişdən birdəfəlik yaxa qurtarmaq mümkündürmü? Bu kimi xəstələrin xəstəxana şəraitində müalicəsi necə aparılır? APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında bu və digər suallara aydınlıq gətirilib.
Psixiatr-narkoloq Rəşad Seyidəliyev deyib ki, rəsmi rəqəmlərə əsasən hazırda Respublika üzrə 30 narkoloji xəstə qeydiyyatdadır: "30 min sözsüz ki, Azərbaycan Respublikasının dəqiq göstəricisi deyil. Qeydiyyatda olmayanlar üçün həmin rəqəmi 10-a vursaq, həmin rəqəm gəlib 200.000-300.000-ə çıxacaq. Bu xəstəlik bir növ cavanlaşır".
R.Seyidəliyev deyib ki, narkotik maddələrdən asılı olan şəxsin müalicəsi ilk növbədə onun olduğu mühitdən təcrid edilməsindən başlanır: "Sözsüz ki, xəstələrdə yuxu pozğunluğu var. Obsessiya fonunda bəzən ağrılar olur, iynə vurulur ki, ağrılar olmasın". Psixiatr-narkoloqun sözlərinə görə müalicə alan xəstələrin yatağa təhkim edilməsindən söhbət gedə bilməz.
Rəşid Seyidəliyev həmçinin narkotikə qurşanan şəxslərin ətraf mühitdə özlərini aparma tərzi, xarakterik xüsusiyyətlərindən danışıb.
"Sosium" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.